Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi keçiriləcək
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaş cəmiyyətinin inkişafı, Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədilə sosial layihələr müsabiqəsinə başlayır. Sosial layihələr müsabiqəsi qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək. Müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosialyönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər. Müsabiqədə iştirak şərtləri “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq. Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcək. Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.

Xəbər 150 dəfə oxundu.