“Krasnoyarskda hər zaman öz birliyimizi qoruyub saxlamağa çalışırıq”
Taleh Mahmudov: “Bu gün bütün diasporumuz ümummilli ideyamız, yəni azərbaycançılıq ideyası ətrafında cəmlənib”

Azərbaycan diaspor təşkilatları arasında azərbaycançılıq ideologiyasının necə inkişaf etməsi önəmli məsələdir. Müsahibimiz Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Taleh Mahmudov bildirdi ki, Krasnoyarskda Azərbaycanla bağlı keçirilən bütün təbirləri məhz azərbaycançılıq ideyasına əsaslanır.

-Azərbaycançılq ideologiyası nə dərəcədə bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevrilib?

- Azərbaycançılıq hər bir azərbaycanlının milli özünüdərkinə, milli müəyyənliyinə, özünü digər toplumlardan fərqləndirməsinə imkan verir. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Azərbaycançılıq ideologiyası, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün mayakdır. Milli diasporun birliyi yolunda azərbaycançılıq ideyası önəmli rol oynayır. Biz də Krasnoyarsk diasporu olaraq bu yolda uğurla addımlayırıq.
-Gördüyünüz işlərdə azərbaycançılığı neçə təbliğ edirsiz?
- Bu gün bütün diasporumuz ümummilli ideyamız, yəni azərbaycançılıq ideyası ətrafında cəmlənib. Məhz buna görə də Krasnoyarskda hər zaman öz birliyimizi qoruyub saxlamağa çalışırıq. Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır. Bu ideologiyanın başlıca mənbəyi və ilkin mərhələsi Azərbaycanda milli düşüncəli gənclər formalaşdırmaq, millət, vətən nədir anlatmaq, vətənin müdafiəsinə hər zaman hazır olmaq, lazım gələrsə canından keçmək öyrədilməlidir. Biz də burada böyüyən gənc azərbaycanlılara daimi olaraq bu ideyanı aşılayırıq.
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycana və azərbaycançılıq ideyalarına xidmət edən istənilən layihə fərdi və təşkilat səviyyəsində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən maliyyələşdiriləcək. Siz bu istiqamətdə nələri düşünürsüz?
- Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması müsbət haldır. İnanırıq ki, Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, azərbaycançılıq ideyasının təbliği baxımdan diasporumuza lazımi dəstək verəcək. Gələcəkdə azərbaycançılıqla bağlı keçiriləcək layihələrə Fondun dəstək göstərməsi diasporun ideoloji işini daha da gücləndirəcək. Bu baxımdan qarşıdakı illərdə Krasnoyarskdakı diaspor olaraq Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr icra etmək mümkündür.
Fuad Hüseynzadə

Xəbər 149 dəfə oxundu.