Rostovun tarixinə düşən azərbaycanlı qız
İmmi Hüseyinli məktəbi qızıl medalla bitirib “Asanlıqla başa gələn hər hansı bir şey heç vaxt yüksək qiymətləndirilə bilməz”. Bu fikirləri məktəb illərini bu il arxada qoyan rostovlu həmyerlimiz İmmi Möhsün qızı Hüseyinli ilə qiyabi tanışlıq yenidən mənə xatırlatdı. Soydaşımız olan bu yeniyetmə qız məndə qürur hissi oyatdı. Adətən, biz istedad haqqında danışarkən bunu çox zaman “Allah vergisi” kimi dəyərləndiririk. Amma unutmaq lazım deyil ki, hər hansı bir insanın öz üzərində dayanmadan işləməsi onu möhtəşəm bir istedad sahibi edə bilər.

“İlk dəfə birinci sinfə gedərkən, rəsm müəlliməmiz bizə gələcək arzularımızın şəklini çəkməyi tapşırmışdı. Yadımdadır ki, mən öz uşaq təxəyyülümlə əlində qızıl medal tutmuş tələbə qız şəkli çəkməyə çalışmışdım. Bu, mənim gələcəkdə orta məktəbi qızıl medalla başa vurmaq arzum idi. Sonradan mən bu arzunu əsas məqsəd kimi qarşıma qoydum və məqsədimə nail oldum”

Beləliklə, sizə haqqında danışmaq istədiyimiz İmmi Hüseyinli də öz üzərində çalışmaqla belə istedad sahibi olan gənclərdəndir. Bu il Rostov şəhərindəki Sovet İttifaqı Qəhrəmanı Pavel Pudovkin adına orta məktəbi qızıl medalla bitirən azərbaycanlı qız, bu vilayətdə orta məktəbi qızıl medalla bitirən ilk azərbaycanlı gənc kimi Rostov şəhərinin tarixinə düşüb. Xatırladaq ki, təhsil aldığı müddətdə bir çox beynəlxalq, şəhər və regional olimpiadalarda iştirak edən istedadlı gənc heç vaxt mükafatlardan kənarda qalmayıb. Belə ki o, iştirakçısı olduğu bütün olimpiadaların mükafatını almağı bacarıb. Gənc azərbaycanlı qız hələ birinci sinfə gedərkən yaddaşına həkk etdiyi hadisəni belə xatırlayır: “İlk dəfə birinci sinfə gedərkən, rəsm müəlliməmiz bizə gələcək arzularımızın şəklini çəkməyi tapşırmışdı. Yadımdadır ki, mən öz uşaq təxəyyülümlə əlində qızıl medal tutmuş tələbə qız şəkli çəkməyə çalışmışdım. Bu, mənim gələcəkdə orta məktəbi qızıl medalla başa vurmaq arzum idi. Sonradan mən bu arzunu əsas məqsəd kimi qarşıma qoydum və məqsədimə nail oldum”. Həmyerlimizin bu uğuru bizi də sevindirir. Ona gələcək həyatında peşəkar mütəxəssis kimi yetişməyi və daim uğur qazanmağı arzu edirik.
Ağasəf Babayev



Xəbər 474 dəfə oxundu.