Donald Tusk işğalçı Ermənistanı məyus edib
Bakıya səfərindən sonra Yerevanda görüşlər keçirən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında Aİ rəsmisi Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayıb. Ermənistan hökumətinin başçısı isə səfərin yekunlarını şərh edərkən bu məsələyə toxunmayıb.
Eyni zamanda, səfərin yekunlarını şərh edən erməni politoloqlar Donald Tuskun bəyanatlarından məyus olduqlarını gizlətməyiblər. Siyasi şərhçi Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində bildirib ki, avropalı siyasətçinin Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, lakin nə orada, nə də Yerevanda “millətlərin öz müqəddəratını təyin etməsi” hüququndan danışmaması erməni ictimaiyyətində narazılıq doğurub. Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”. Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil. “Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.

Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub

Yeri gəlmişkən, Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində iştirak etmiş Bahar Muradova, Azay Quliyev, Tahir Mirkişili, Ülviyyə Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənovun daxil olduqları Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara Mərkəzin gözəl tərtib olunmuş və Azərbaycan rəssamlarının və heykəltəraşlarının əsərləri, çap materialları, milli geyimdə olan manekenlər qoyulmuş binası göstərilib.
Assosiasiyanın üzvləri azərbaycanlı deputatlara təmsil etdikləri diaspor təşkilatının fəaliyyəti haqqında məlumat veriblər və öz tarixi Vətənlərinin naminə apardıqları işi davam etdirmək arzusunu və əzmini ifadə ediblər.
ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin başçısı, Milli Məclisin vitse-spikeri, eyni zamanda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Bahar Muradova soydaşlarımıza göstərdikləri vətənpərvərliyə və çoxşaxəli fəaliyyətə görə təşəkkür edib, bu təşkilata hərtərəfli kömək və dəstək göstərməyə hazır olduğunu bildirib. O, Lüksemburqdakı Azərbaycan diasporunun fəalları ilə bu ölkənin siyasətçiləri, xüsusən Hersoqluğun qanunverici orqanının deputatları arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Lüksemburqda tanınmış şəxsiyyət və ölkəmizin həqiqi dostu xanım Lea Linsterin rəhbərlik etdiyi “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyası 2011-ci ildən Lüksemburq ictimaiyyəti üçün maarifləndirici iş aparır, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini təbliğ edir, müxtəlif sahələrdə dostluq əlaqələrinin və ikitərəfli əməkdaşlığın inkişafına kömək edir. Bu təşkilatın yüzə yaxın üzvü var və onların əksəriyyəti lüksemburqlulardır. Assosiasiya hər il Azərbaycan rəssamlarının və heykəltəraşlarının sərgilərini, musiqiçilərin və rəqs qruplarının konsertlərini təşkil edir, filmlər nümayiş etdirir. Bundan başqa, bu təşkilat illik beynəlxalq yarmarkada da iştirak edir.
Heydər Əliyev Fondu Assosiasiyaya kömək məqsədilə çoxlu sayda kitab, jurnal və kompakt-disklər göndərib. 2014-cü ildə Assosiasiyanın evi olan “Qarabağ” Mərkəzinin açılışı olub. Qeyd etmək lazımdır ki, Mərkəz Lüksemburqun mərkəzində yerləşir.

“TRT World”ün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı sənədli film Hollivud Beynəlxalq Film Festivalının mükafatını qazanıb

Bu arada“Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, sənədli film daha dörd nominasiya üzrə beynəlxalq mükafatlara (Amsterdam, Los-Anceles, Nyu-York film festivallarının mükafatları da daxil olmaqla) namizəddir və bu mükafatların qazanılması şansı çox yüksəkdir.
“Ən yaxşı qısa sənədli film” mükafatının təqdim edilməsi mərasimi gələn il yanvarın 25-də Hollivudda keçiriləcək.
Qeyd edək ki, Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” tərəfindən hazırlanan filmin rejissoru və prodüseri Ataxan Kərküklü (Türkiyə), ssenari müəllifi Oubai Şahbandardır (ABŞ).
Bu il fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.
Çəkilişlərinin əsasən cəbhə bölgəsində aparıldığı sənədli filmdə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın çox çətin vəziyyətlə üzləşdiyi, ölkədə son ümidlərin də itirildiyi bir vaxtda Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqın ümidini bərpa etməyi bacardı.
Filmdə Xocalı soyqırımı şahidlərinin, məcburi köçkünlərin, hərbçilərin, eləcə də rəsmi şəxslərin müsahibələrinə yer verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi ilə bağlı fikirləri də filmdə əks olunub.
Qeyd edək ki, bu sənədli filmin hazırlanması üçün “TRT World” kanalının çəkiliş heyəti dəfələrlə Azərbaycana səfər edib, cəbhə bölgəsində, Naxçıvan Muxtar Respublikasında olub. Həmçinin çəkiliş qrupu filmin hazırlanması ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında, Rusiyada olub, həmin ölkələrdə diplomatlardan, tanınmış ekspertlərdən, tarixçi alimlərdən müsahibələr götürülüb.
Xüsusilə qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin şahidi olmuş yeganə əcnəbi, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalisti olan Tomas Qolts filmin çəkilişi ilə əlaqədar Azərbaycana gəlib, Bakıda, cəbhə bölgəsində onunla söhbətlər aparılıb. Tomas Qolts Azərbaycanda erməni təcavüzkarlığı, xüsusilə də Xocalı soyqırımı ilə bağlı şahidi olduğu faktları filmdə tamaşaçıların diqqətinə çatdırır.
Sənədli filmdə Azərbaycan Ordusunun qüdrətindən, xüsusilə də 2016-cı ilin Aprel döyüşlərindən, uğurlu Naxçıvan əməliyyatından ətraflı bəhs edilir.
Fuad Hüseynzadə


Xəbər 121 dəfə oxundu.