“Vizanın ləğvi Türkiyə ilə əlaqələrimizi daha da möhkəmləndirəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə münasibətlərə dair belə bir fikri var: “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq”. Azərbaycan yenidən müstəqilliyini əldə edəndə onu ilk tanıyan Türkiyə dövləti oldu”.
Bu fikirləri SİA-ya “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev Türkiyə ilə vizanın aradan qaldırılması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlarda hər iki dövlətin nümayəndələri daim bir-birilərini dəstəkləyirlər: “Dövlətlərin qarşılıqlı dəstəyi, səmimi iş birliyi ölkələrimizin daha da güclü olmasında rol oynayır. Təbii ki, bu münasibətlər təsadüfi deyil, bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər dini birlik hazırkı siyasi və iqtisadi addımlarımızda əhəmiyyətli nəticələr əldə etməmizə təsir göstərir”. “Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir, ən böyük layihələrimizi onunla birgə həyata keçiririk”, deyə xatırladan baş redaktor onu da bildirib ki, əlaqələrimizin gündən-günə möhkəmləndiyi belə bir şəraitdə Türkiyə ilə viza rejiminin mövcud olması sadaladığımız sıx qardaşlıq münasibətlərinə adekvat deyildi: “Odur ki, sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması respublika ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir. Türkiyə vətəndaşlarının Azərbaycana gəlmək və burada qalmaq prosedurlarının xeyli sadələşdirilməsi əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək”.
GÜLYANƏ

Xəbər 897 dəfə oxundu.