“Paşinyan hakimiyyətə gələndən sonra 50 min nəfər işsiz qalıb”
“Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması istiqamətində vicdanlı cəhdlərin davam etdirməsini görmək istərdim”. Bunu özəl olaraq Trend-ə Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in hazırki sədri Miroslav Layçak deyib. M.Layçak qeyd edib: "ATƏT-in Minsk qrupunun işi ilə bağlı nikbinliyimi qoruyub saxlayıram, həmsədrlərin danışıqlar prosesində irəliləyiş əldə edilməsi ilə bağlı qiymətləndirmələrini öyrənmək məqsədilə onlarla daim fəal ünsiyyətdəyəm. Mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm və biz əvvəlki kimi bu prosesi, liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə sadiq qalmalarını, humanitar sahədə tədbirlər görülməsini pozitiv qiymətləndiririk. Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması, sülhə və danışıqlarda mövcud olan irəliləyişə müsbət təsir edəcək mühitin yaradılması istiqamətində vicdanlı cəhdlərinin davam etdirməsini görmək istərdim. Dialoq istənilən irəliləyiş üçün ən mühüm ön şərtdir".
Qeyd edək ki, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb ki, XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir. H.Hacıyev qeyd edib: "01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasətdən və təfəkkürdən əziyyət çəkir".

“ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmağa inandırmaq üçün tam məsuliyyət daşıyır”

Bu arada amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys Trend-ə müsahibəsində deyib ki, son iki ildə dünyanın ən böyük hökumətlərarası qurumu olan ATƏT-in Ermənistan hakimiyyətinə beynəlxalq humanitar hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə məcbur etmək üçün təzyiq göstərə bilməməsi heç də ürəkaçan deyil. Onun fikrincə, Paşinyanın ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq investorlara təhlükə yaradır. Ekspertin sözlərinə görə, erməni ritorikası zərərlidir, dağıdıcıdır və Cənubi Qafqazda işləmək, bu bölgədə fəaliyyətini qurmaq istəyən böyük strateji beynəlxalq investorları təhdid edir. Bu ifadələr davam edən iqtisadi durğunluq və hökumətin hər nazirliyini bürüyən yüksək korrupsiya ilə Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Teys qeyd edib ki, Paşinyanın fırtınalı nitqi onun avtoritar liderlik üslubunu göstərir: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir. Ermənistanın baş naziri vəzifəsinə gəlişinin ilk günlərindən etibarən Paşinyan beynəlxalq qanunları dəfələrlə pozmağa, Dağlıq Qarabağ münaqişəsinin həllində iltihablı bəyanatlar və təcavüzkar davranış yolu ilə getməyə hazır olduğunu nümayiş etdirdi". Amerikalı ekspertin fikrincə, son iki ildə dünyanın ən böyük hökumətlərarası qurumu olan ATƏT-in Ermənistan hakimiyyətinə beynəlxalq humanitar hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə məcbur etmək üçün təzyiq göstərə bilməməsi heç də ürəkaçan deyil: "Beynəlxalq ictimaiyyət Paşinyanın bu cür iltihablı bəyanatlarına dözməməlidir. ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmağa inandırmaq üçün tam məsuliyyət daşıyır. Digər tərəfdən, Azərbaycanın praqmatik diplomatik təşəbbüsləri həmişə qalib gələcək". P.Teys əlavə edib ki, ABŞ Dövlət Departamenti də son aylarda Paşinyanın antaqonist yanaşmasının və döyüşkən ifadələrinin qarşısını almaqda daha fəal rol oynamalı idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalq ictimaiyyətin fəal iştirakından və Azərbaycana münasibətdə ikili standartların tətbiqinin qarşısını almağa yönəlmiş həqiqi səylərdən asılıdır".
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il sentyabrın 1-dək 102 milyon 500 min 283,98 manat, 213 min 577,88 ABŞ dolları, 17 min 266 avro və 5000 rubl vəsait yığılıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Ermənistanda təqaüdçülər itaətsizlik aksiyası keçirirlər

Bütün sahələrdə böhranın hökm sürdüyü Ermənistanda isə təqaüdçülər də hökumətdən narazıdırlar. Yerevanda itaətsizlik aksiyasına başlayan təqaüdçülər qayğı və diqqətdən kənar qaldıqlarını bildirirlər.
Erməni KİV-ləri xəbər verir ki, hökumət binası qarşısına toplaşan yaşlı nəslin nümayəndələri onlara verilən təqaüdlərin ərzaqlarına və dərmanlarına çatmadığını deyiblər. Onlar bildiriblər ki, üzləşdikləri problemlə bağlı rəsmi qurumlara müraciət edə bilmirlər. Bütün qapıların üzlərinə bağlandığını deyən təqaüdçülər maliyyə problemi səbəbindən xəstəxanalarda müayinədən keçə bilmirlər.
Aksiya iştirakçıları qeyd ediblər ki, seçki marafonu ərəfəsində 100 min iş yerinin açılacağını vəd edən Nikol Paşinyanın dedikləri özünü doğrultmadı. Bundan əvvəl olduğu kimi, indi də əhalinin böyük əksəriyyəti işsizdir. Yeni iqtidar fəaliyyətə başladıqdan sonra 50 min nəfər insan işsiz qalıb. Paşinyan hakimiyyətə gələn kimi baytarlıq və bitki sanitar xidmətlərinin fəaliyyətini dayandırıb. Nəticədə minlərlə insan işsiz qalıb.
Ermənistanın sabiq baş naziri Hrant Baqramyan bildirib ki, işsizlik problemi ölkəni uçuruma aparır. Dövlət xidmətlərinin ləğvi 1500-ə qədər mütəxəssisin itirilməsinə, bu da aqrar sektorda əlavə problemlərin yaranmasına gətirib çıxaracaq. Bununla kiçik təsərrüfatlarla məşğul olan fermerlər hökumətin güzəştli layihələrindən kənarda qalacaqlar. Bu da qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək.
Fuad Hseynzadə



Xəbər 190 dəfə oxundu.