Kalın ilə Bolton nələri müzakirə ediblər?
Türkiyə ABŞ-ı tələsdirir: Suriyanın şımalında yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı Ankara hazırlıqlarını tamamlayıb
Türkiyə Prezident Aparatının mətbuat katibi İbrahim Kalınla ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub. TRT xəbər verir ki, danısıqlarda Türkiyə-ABŞ əlaqələri və regional məsələlər müzakirə olunub. Prezident Aparatının Mətbuat Katibliyindən verilən açıqlamaya görə, Kalın və Bolton arasındakı telefon danışığında Suriyadakı vəziyyət, təhlükəsiz bölgənin qurulması, terrorla mübarizə, ABŞ ilə ikili ticarət əlaqələri və Liviyadakı son vəziyyət müzakirə olunub. Eyni zamanda Prezident Ərdoğanın Trampla ən son telefon danışığında müzakirə olunan mövzuların detallarından da danışılıb. BMT-nin Baş Assambleyası çərçivəsində Ərdoğanın 22-25 sentyabrda ABŞ-ın Nyu-York şəhərinə edəcəyi səfər çərçivəsində iki liderin görüşü də müzakirə edilən mövzulardan olub. Suriyanın şimalında qurulacaq təhlükəsiz bölgə üçün atılacaq addımların sürətləndirilməsi, İdlib razılaşmasının qorunması, Suriya ilə bağlı Konstitusiya Komissiyasının yaradılmasının təcili tamamlanması ətraflı şəkildə müzakirə olunub. Telefon danışığında yarana biləcək humanitar faciələrin və yeni qaçqın axınlarının qarşısını alacaq tədbirlərin həyata keçirilməsi barədə qətiyyətli mövqe də dilə gətirilib. Telefon danışığında Türkiyə və ABŞ birgə hərəkət planının ləngidilmədən həyata keçirilməsi mövzusunda Türkiyə tərəfinin hazırlıqlarını tamamladığı bildirilib. ABŞ-ın ticarət naziri Vilbur Rosun Türkiyəyə edəcəyi səfərinin və hədəf götürülən 100 milyard dollarlıq ticarət həcminin iki ölkə arasındakı ticarət əlaqələrinə qazandıracağı sürətin əhəmiyyəti də telefon danışığında vurğulanıb.

Anar

Xəbər 159 dəfə oxundu.