Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur
Paşinyanı xarici siyasətdəki uğursuzluqlar, Qarabağ məsələsi ilə bağlı danışıqlarda zəifləyən mövqe və Rusiyanın Ermənistana qarşı mövqeyindəki dəyişiklik narahat edir
Ermənistanın “Past” nəşri öz mənbələrinə istinadən yazır ki, baş nazir Nikol Paşinyan ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyanın istefası məsələsini bir neçə dəfə gündəmə gətirməyə çalışıb.

Bu, Mnatsakanyanın beynəlxalq tərəfdaşlarla münasibətdə yaratdığı ciddi nöqsanlarla əlaqələndirilir. Erməni nəşrin yazdığına görə, xarici işlər naziri ilə bağlı məsələ bu gün yenə də qabardılaraq gündəmə gətirilib. Paşinyanı daha çox xarici siyasətdəki uğursuzluqlar, Qarabağ məsələsi ilə bağlı danışıqlarda zəifləyən mövqe və Rusiyanın Ermənistana qarşı mövqeyindəki dəyişiklik narahat edir.
Xatırladaq ki, bir neçə gün əvvəl “Valday” Beynəlxalq Müzakirə Klubunun illik toplantısında çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatını tənqid etmişdi. Bölgədə vəziyyətin sakit olduğunu vurğulayan Lavrov onu da bildirmidi ki, buna baxmayaraq, siyasi proses dayanıb: “Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Amma biz həmsədrlər sülh üzərində işləyirik. Biz istəyirik ki, dəfələrlə müzakirə olunan əsas prinsiplər əsasında həll yolunu tapaq”. İrəvan Lavrovun bu bəyanatını gözlənilməz və sərt bir bəyanat kimi dəyərləndirirlər. Naşı dövlət rəsmisi kimi Paşinyanın səsləndirdiyi sərsəm ifadəsinə görə Rusiyanın xarici işlər naziri Ermənistanı tənqid edib. Erməni nəşri öz qaynaqlarına istinadən yazır ki, Paşinyan bundan qəzəblənib və Mnatsakanyanı Rusiya ilə lazımi iş görə bilməməkdə, verdiyi «sərsəm bəyanatın” mənasını və ümumiyyətlə indiki Ermənistan hökumətinin mövqeyini tam təqdim edə bilməməkdə ittiham edib. Ona görə də Paşinyan Zohrab Mnatsakanyanı xarici işlər naziri vəzifəsindən azad etmək niyyətindədir.

Ağasəf Babayev

Xəbər 376 dəfə oxundu.