“İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
“Aparılan islahatlar ölkəmizin sosial və iqtisadi inkişafına gətirib çıxaracaq. Bütün bunlar ölkə başçısının planlı, düşünülmüş siyasətinin nəticəsidir. Elə ona görə də son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir”.
Bunu millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, islahatlardan sonra əyalətlərlə paytaxt arasında fərq qalmayacaq: “Ölkə başçısının apardığı struktur islahatları çevik idarəetmənin daha da inkişafına xidmət edəcək. Əyalətlərdə, regionlarda inkişaf ilk növbədə yerli idarəetmə orqanlarının müasir idarəetmə tələblərinə cavab verməsindən asılıdır. Yevlax və Xaçmaz rayonlarının icra başçıları kifayət qədər gənc kadrlardır. Ölkə başçısı onlara güvəndiyini və paytaxtla bölgələr arasındakı fərqin minimuma endirilməsindən bəhs etdi. Bu o deməkdir ki, ölkəmizdə gənclər siyasəti dayanıqlı inkişafa hesablanıb. Modern dünyanın çağırışlarına və idarəetmədəki innovativ yeniliklərə daha yaxından bələd olan gənc nəsil regionlarda böyük işlər görməyə qadirdir. Cənab prezident hər zaman gənclərə güvənib. Onlar da ölkə rəhbərinin bu inamını doğrultmalıdırlar. Ümid edirəm ki, biz regionlardakı dinamik inkişafı, turizmin və digər sahələrin yüksəlişini çox tez bir zamanda görəcəyik. Çünki çevik idarəetmə daha çox gənclərin idarəetmədə rolunun artması deməkdir. Bizim kifayət qədər bacarıqlı gənclərimiz var. Azərbaycanın sürətli inkişafı uğurlu kadr islahatlarından sonra daha da genişmiqyaslı vüsət alacaq. Cənab prezidentin hədəfi regionlarımızın da tez bir zamanda paytaxtdakı inkişafa yaxın bir yüksəlişi yaşamasıdır. Xalqımız bu inkişafın şahidi olacaq. Çünki görülən işlərin və inkişafımızın arxasında düşünülmüş və uğurlu siyasət var”.


Xəbər 312 dəfə oxundu.