Elm Tarixi İnstitutunun direktoru Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.
Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq illik elmi konfransda iştirak edən İnstitut direktoru «Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu» adlı məruzəsini təqdim edib. Qeyd edək ki, 5 gün davam edən konfransa Rusiya Federasiyasının müxtəlif bölgələrindən, MDB-dən və dünyanın digər ölkələrindən qatılan alimlər müxtəlif elmlərin tarixinə dair məruzələr səsləndiriblər.
Səfər çərçivəsində M.Seyidbəyli rusiyalı alimlər – Nadejda Aşeulova, Yuri Baturin, o cümlədən Ukrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. M.Seyidbəyli AMEA və Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib. Daha sonra azərbaycanlı alim xarici həmkarları ilə Sankt-Peterburq Dağlıq Universitetini, Şərqşünaslıq muzeyini ziyarət edib.

Tural

Xəbər 161 dəfə oxundu.