Anna Xovner: “Paşinyanı dinləyərkən utandığımdan yerə girmək istədim”
Erməni ekspertlər: “Paşinyan debat zamanı özünü və Ermənistanı gülünc vəziyyətə saldı”

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən açıq görüş erməni baş naziri Nikol Paşinyan üçün əsl məğlubiyyət oldu. Ermənistan haqqında qədim miflərə «istinad» edən Paşinyan özünü gülünc duruma saldı. Hətta görüşün sonunda izləyicilər də onun sözlərinə gülməyə başladılar. Erməni saytları yazırlar ki, Paşinyanın debat zamanı məğlub duruma düşməsi həm Ermənistanda, həm də erməni diasporunda etiraf edilir. Maraqlıdır ki, Nikol Paşinyanın məğlubiyyəti ilə bağlı «Erməni Milli Konsensusu»nun həmsədri Lusine Aroyan-Dalakyan «Facebook»da status yazıb: "Mətbuat konfransını izlədim. Biz biabırcasına uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu.
Əliyev öz xeyrinə onu oynadı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə qoydu. O həmçinin Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi". Xatırladaq ki, erməni müğənni Anna Xovner də Paşinyanın debatdakı çıxışını «sıfır» səviyyəsində dəyərləndirib. O, Azərbaycan rəhbəri qarşısında Paşinyanın tutarsız iddialarını dinləyərkən utandığından yerə girməyə hazır olduğunu bildirib.
Münxen səfərindən sonra Paşinyanın komandasını nəzərdə tutaraq, onların öz liderlərini müdafiə etməkdə aciz olduqlarını bildirən «Alternativ Layihələr Qrupu»ndan Vaqe Ovannisyan bununla yanaşı, yaşananların təkcə Paşinyanın faciəsi olmadığını da gizlətməyib. “Tert. am” saytına danışan qrup nümayəndəsi bildirib: “Bu o deməkdir ki, hazırda ölkədə siyasi çoxluq, siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də uğursuzluqların qarşısını almaq üçün zəmanət yoxdur. Bu, çox ciddi narahatlıq doğurur. Bu, bizim dövlətçiliyimiz üçün də böyük riskdir. Eyni zamanda bu o deməkdir ki, ölkədəki siyasi düşüncə Ermənisyanı irəli apara bilməz”.
Dağlıq Qarabağ məsələsində Paşinyandan müsbət irəliləyiş və ya qərar gözləmədiyini bildirən Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan Münxendə baş verənlərin mümkün olan bütün ümidləri sarsıtdığını etiraf edib. Zakaryanın fikrincə, Dağlıq Qarabağ məsələsində Paşinyan üçün artıq bundan sonra “pauza” götürmək də çətin məsələyə çevrilə bilər.
Görüşü şərh edən erməni ekspert Andranik Tevanyan tələblərini qəti şəkildə səsləndirən Azərbaycan Prezidenti qarşısında Paşinyanın uduzduğunu etiraf edib. Bu barədə o, öz «Facebook» səhifəsində yazıb. Biliyi, özünə inamı və tez cavab vermək qabiliyyəti olmayan Nikol Paşinyanın davranışını tənqid edən Tevanyan hesab edir ki, bununla da erməni baş nazir “həqiqi çəkisini” ortaya qoymuş oldu. Paşinyanın beynəlxalq auditoriya qarşısında özünü gülünc vəziyyətə saldığını xatırladan erməni ekspert, erməniləri belə bir hakimiyyətə dözdüyü üçün günahkar sayır.
Ağasəf Babayev

Xəbər 251 dəfə oxundu.