Qırğızıstan Prezidenti koronavirusla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov koronavirus pandemiyası ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müşavirədə koronavirusun ölkə ərazisinə gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər planı və iqtisadi təhlükəsizliyin qorunması məsələsi müzakirə edilib.
Dövlət başçısı bildirib ki, iqtisadi cəhətdən itkilərə baxmayaraq, bütün ölkələr insanların sağlamlığını ön plana çəkib və Qırğızıstan da bu yolla getməlidir.
“Vətəndaşların sağlamlığının qorunması bizim üçün çox önəmlidir. Təbii ki, belə vəziyyətlər ölkələrin iqtisadiyyatına mənfi təsir edir. Ona görə də biz büdcənin qənaətlə xərclənməsi rejiminə keçməli və bütün təhlükələrə hazır olmalıyıq”, - deyə Prezident qeyd edib.
Koronavirusla bağlı Respublika Qərargahının rəhbəri görülən tədbirlər haqqında məlumat verib.
İclasda koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan Qırğızıstanın bütün ali və orta məktəblərinin üç həftəliyə tətilə buraxılması haqqında qərar qəbul edilib.

Xəbər 213 dəfə oxundu.