Azərbaycanlı modelyerin uğurları Norveç mediasının gündəmində
Xəbər verildiyi kimi, Norveçdə yaşayan Azərbaycan əsilli modelyer və “CAN” təşkilatının sədri Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə "Antalya Fashion Week 2020" adı altında keçirilən moda həftəsində nümayiş olunub. Şervin Nəcəfpurun Türkiyədə moda nümayişi ilə bağlı Norveçin “Utrop.no” saytında xəbər yerləşdirilib. “Multikultural modelyer nüfuzlu moda həftəsində” sərlövhəli yazıda qeyd olunur ki, rəngli əsərlər Antalya Moda Həftəsində 7 000 nəfərlik tamaşacı üçün nümayiş olundu: “3 gün davam edən moda həftəsində yeddi modelyer öz kolleksiyalarını nümayiş etdirdi. Bunlardan biri də Norveç doğumlu, Azərbaycan əsilli modelyer Şervin Nəcəfpurdur”.
Xəbərdə Şervin Nəcəfpurun “Utrop.no” saytına özəl açıqlaması verilib: “Antalya Moda Həftəsi, Türkiyənin İstanbuldan sonra ikinci ən böyük moda həftəsidir. Bu, beynəlxalq moda həftəsi təqvimində ən üst pillədə yer alır”.
Yazıda bildirilir ki, Şervin Nəcəfpur tanınmış səyyah Tur Heyerdalın Qafqaz və Skandinaviya arasındakı tənliklər nəzəriyyəsindən ilhamlanaraq “Milli mirasımızın mənşəyi” kolleksiyasını nümayiş etdirib: “Geyimlər qayaüstü rəsmlərlə bəzədilib. Bütün modellər ritm və qayaüstü rəsm animasiyalarını nümayiş etdirən fond podiuma çıxıblar. Modellərin üzləri isə qayaüstü motiv ilə bəzədilib”.
Xatırladaq ki, bu moda həftəsindən öncə Şervin Nəcəfpurun “Utrop.no” saytında geniş müsahibəsi dərc olunmuşdu. Şervin Nəcəfpur həmin müsahibdə Antalya Moda Həftəsi ilə bağlı düşüncələrini bölüşmüşdü.

Fuad

Xəbər 328 dəfə oxundu.