Azərbaycan BMT-nin İnkişaf Proqramının mühüm tərəfdaşıdır
“Azərbaycanın BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsi məmnunluq doğurur. Mən bunu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından Azərbaycan üçün bir imkan kimi dəyərləndirirəm.
Azərbaycan BMT-nin İnkişaf Proqramının da mühüm tərəfdaşıdır”.
Bu sözləri BMT Təhlükəsizlik Şurası Model Konfransının prezidenti xanım Hannah Moosa mətbuat konfransında deyib. Bakıda olmağından məmnunluğunu dilə gətirən H.Moosa ölkəmizin gündən-günə dünyada artan nüfuzundan danışıb. H.Moosa Gənclər və İdman Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə (BMT İP) oktyabrın 21-dən 25-dək Bakıda bu qurumun Model Konfransını təşkil edəcəyini diqqətə çatdırıb. Bildirilib ki, səfərin məqsədi konfrans ərəfəsində yerli iştirakçıların bilik və bacarıqlarının artırılması istiqamətində olan təlimlərdə və konfransın işçi sənədlərinin hazırlanmasında yaxından iştirak etməkdir. Diqqətə çatdırılıb ki, dörd gün davam edəcək konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitetin tələbə və məzunlarını bir araya gətirəcək. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti (BMT İİD) ilə birgə hazırlanmış ikigünlük konfrans ərəfəsində təlim seminarında iştirak edəcəklər. BMT Modelinə qatılmaq tələbələrə gələcəyin siyasətçiləri üçün lazım olan tədqiqatlar aparmaq, yazı, natiqlik və təhlil kimi bacarıqları inkişaf etdirməkdə yardımçı olacaq. Onlar, həmçinin bu təcrübə sayəsində vasitəçilik, münaqişələrin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənəcək, eləcə də liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirəcəklər. Daha sonra iştirakçılar Kiber Terrorizm üzrə BMT TŞ-nin simulyasiya sessiyasına qatılacaqlar.
Birləşmiş Millətlər Təşkilatı Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər. Azərbaycan 2012-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkəmizin bu qurumdakı üzvlüyü 2013-cü il dekabrın 31-dək davam edəcək.

Xəbər 1031 dəfə oxundu.