Azərbaycan İndoneziyada beynəlxalq konfransda təmsil olunub
24-26 yanvar tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində “Youth For Peace Union” - “Sülh Naminə Gənclərin Birliyi” Davamlı İnkişafa nail olmaq üçün Dünyada Sülhün qurulması mövzusunda Beynəlxalq Konfrans keçirilib. Konfransda dünyanın 30 ölkəsindən 57 beynəlxalq tələbə, İndoneziyanın dövlət rəsmiləri və xarici qonaqlar da iştirak ediblər.
İndoneziyada təhsil alan azərbaycanlı gənc fəal, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərovun “Palitra”ya verdiyi məlumata görə, konfransda Azərbaycan da təmsil olunub. Konfrans çərçivəsində mədəniyyət gecəsi zamanı beynəlxalq tələbələr tərəfindən onların təmsil etdikləri ölkələrinin təqdimatları da keçirilib. Azərbaycan haqqında təqdimatı Elmar İskəndərov təqdim edib. Beynəlxalq konfransda Azərbaycan haqqında məlumatlar verilib, Azərbaycanın yerləşdiyi ərazi, zəngin mədəniyyəti haqqında xüsusi qeydlər video çarx şəklində nümayiş etdirilib və bu məlumatlar əcnəbi tələbələr, dövlət rəsmiləri, xarici qonaqlar tərəfindən çox böyük maraqla qarşılanıb. Azərbaycana dair məlumatlara xüsusi maraq göstərən əcnəbilər hətta milli rəqslərimizin nümayişi zamanı rəqslərimizi öyrənməyə çalışıblar.
Tural Tağıyev

Xəbər 1834 dəfə oxundu.