Elektron Təhlükəsizlik Mərkəzinin veb səhifəsi təqdim olundu
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi rəsmi veb resursunu istifadəyə verib.
"cert.az "domenində təqdim olunan resursda Elektron Təhlükəsizlik Mərkəzi barədə məlumatlar, qurumun fəaliyyət istiqamətləri, təqdim etdiyi xidmətlərlə bağlı informasiyalar əks olunub. Azərbaycan və ingilis dillərində istifadəçilərə təqdim olunan saytda "Əlaqə" və "Qaynar xətt" bölmələri də mövcuddur. Bu bölmələr vətəndaşlarla Mərkəz arasında interaktiv və daha operativ əlaqənin qurulmasına xidmət edir. 1654 nömrəsi ilə "Qaynar xətt"lə əlaqə saxlayan vətəndaşlar üzləşdikləri kiber təhlükələr, hücumlar, elektron insidentlər barədə məlumat verə bilərlər. Hələ ki, ilkin versiyada ictimaiyyətə təqdim olunan saytda kiber təhlükələrə qarşı mübarizə üsulları, qanunvericilik bazası, faydalı keçidlər və tövsiyyələr, istifadəçiləri ən çox maraqlandıran suallara cavablar da yer alır.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Prezidentin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Nigar



Xəbər 716 dəfə oxundu.