Əhali pulsuz tibbi müayinədən keçirilir
Prezidentin tapşırığına əsasən fevralın 17-dən başlayaraq Lənkəran rayonunda əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Təsdiq edilmiş qrafikə uyğun olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasında, Müalicə-Diaqnostika Mərkəzində, həmçinin yerlərdəki tibb müəssisələrində əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) poliklinika şöbəsində təşkil olunmuş pulsuz tibbi müayinələrdən 18 yaşdan yuxarı vətəndaşlar keçirlər. Şəhər icra hakimiyyəti nəzdində yaradılmış komissiyanın üzvləri müayinələrin gedişinə nəzarət edirlər. Müayinələri təcrübəli həkimlərdən təşkil olunmuş 8 briqada həyata keçirir.
Həkim briqadaları məktəblərdə, uşaq bağçalarında da müayinələr aparacaq, poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. İki gün ərzində rayonun 1500 nəfərə yaxın sakini tibbi müayinədən keçib. Mərkəzi rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev bildirib ki, tibbi müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlar Lənkəran rayonunun tibb müəssisələrində pulsuz müalicə olunacaqlar. Müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinin müvafiq səhiyyə ocaqlarına göndəriləcəklər. Mayın 1-dək davam edəcək humanitar aksiya lənkəranlılar tərəfindən razılıqla qarşılanıb. Onlar əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Füzuli rayonunda əhalinin tibbi müayinəsi Horadiz şəhər, Əhmədbəyli kənd, Qayıdış qəsəbə xəstəxanalarında, rayon mərkəzi xəstəxanasında və Füzuli tibb mərkəzində aparılır. Horadiz Şəhər Xəstəxanasının baş həkimi Şaiq Şükürov müsahibəsində bildirib ki, çalışdığı tibb ocağında sakinlərin müayinəsi uğurla davam etdirilir. Xəstəxananın həkimləri bu nəcib aksiyaya həvəslə qoşulublar. Aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir: “Xəstəxanada aksiyanın ilk günündə 231 nəfər, ikinci günündə isə 200-ə yaxın vətəndaş tibbi müayinədən keçirilib. Var qüvvəmizlə çalışacağıq ki, dövlət başçısının tapşırığını uğurla icra edək, rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərək”.
Təhminə

Xəbər 654 dəfə oxundu.