“Uorlik dedi ki, gərək Minsk qrupu ləğv oluna...”
Şapur Ənsari: “Hər zaman mötəbər tədbirlərdə Azərbaycanın haqq səsini yayıram”
Müsahibimiz Şapur Ənsari (Shapoor Ansari) əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-a gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-da mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-da yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. Axırıncı gəlişində qəzetimizə müsahibə verib.
- Sonuncu dəfə İranda nə vaxt olubsuz?
- Axırıncı dəfə İranda 2011-ci ilin yanvarında olmuşam. Mənim İranda çoxlu qohumlarım, dostlarım var. Onlarla mütəmadi əlaqə saxlayıram.
-Azərbaycana ilk dəfə nə vaxt gəlibsiz?
- İlk dəfə Azərbaycana Brejnev vaxtında, 1975-ci ildə gəlmişəm. Helsinki Konvensiyasından sonra bizə bura gəlməyə icazə verildi. 70 nəfər həkim idik. Çox şəhərlərə turlar olacaqdı. Amma mən Bakını seçdim. Burda 3 gün qaldıq. Həmin zaman professor Mirməmməd Cavadzadə, cərrah Nurəddin Razyev və digərləri ilə görüşdük. Sovet İttifaqı dağılandan sonra Azərbaycana tez-tez gəlirəm, amma çox qalmıram.
-Budəfəki gəlişiniz nə ilə bağlıdır?
- Bilmək istəyirəm ki, tibb sahəsində nə inkişaf olub, hansı yeniliklər var.
-Azərbaycan tibbinin inkişafını necə görürsüz?
- Belə bir sualı 1997-ci ildə məndən mərhum Prezident Heydər Əliyev də soruşmuşdu.
-Onda Heydər Əliyevə nə cavab verdiz?
- Dedim ki, cənab Prezident, həkimləriniz eksperimental sahələrdə qabağa gediblər. Amma tibb xalqın rahatlığına xidmət etməlidir. Edə bilərdilər ki, tibb daha da inkişaf etsin.
-Bəs, indi nə cavab verərdiniz? Sizcə, vəziyyət necədir?
- İndi çox modern klinikalar tikilib. Onda belə deyildi. İndi xəstəxanalar müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Yəni, o vaxtla müqayisədə Azərbaycan tibbi çox inkişaf edib.
- Bəs, ABŞ-la müqayisə edəndə tibbimizdə nə çatışmır?
- Həkimlərə, tibb bacılarına gərək treninq keçək. Hər şeydən əvvəl tələbələrin dərsinin keyfiyyəti artmalıdır. Dərslər Qərb üslubunda olmalıdır. Burada qərbsayağı tibb məktəbi yoxdur. Mənim fikrim odur ki, biz ABŞ-da məşhur bir universitetlə müqavilə bağlayaq. Və onlar gəlib burada tibbi tədris etsinlər. Bu praktika başqa ölkələrdə edilib və yaxşı da nəticə alınıb. Sinqapurda 35 il bundan qabaq tibb çox-çox geri idi. İndi isə Sinqapur tibb sahəsində dünyanın ən inkişaf etmiş ölkələri ilə ayaqlaşır. Çünki onlar bu yolu gediblər. Biz də gərək Azərbaycanda o yolu gedək. Yəni tibb sahəsinin 20-30 il qabağa düşməyinin yolu budur.
-Budəfəki gəlişinizdə həmkarlarınıza belə bir təklif etdinizmi?
- Mən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov və digər mötəbər şəxslərlə bu haqda danışmışam. Əgər buradan müraciət məktubu olsa, bu işi təşkil etmək olar.
-Azərbaycanın ABŞ-da təbliğatı istiqamətində hansı işlər görürsüz?
- 90-cı illərin sonunda Fidan və Xuraman Qasımova bacılarını Amerikaya dəvət etdim və böyük bir konsert oldu. İlk dəfə idi ki, azərbaycanlı gəlib Amerikada simfonik konsert verirdi. Bundan başqa mən hər zaman çalışıb mötəbər konfranslarda iştirak edirəm və imkanım daxilində Azərbaycanın haqq səsini yayıram. Eyni zamanda qəzetlərdə məqalələr yazıb çap etdiririk. Məsələn, bu yaxınlarda Berklin Universitetində keçirilən bir tədbirdə mənə hücumlar oldu ki, bu tarixçi deyil, bunları haradan bilir. Mən dedim ki, ürək cərrahı olsam da, ata-babalarım Türkmənçay müqaviləsindən belə, bu tarixin içində olublar. Biz sümüyümüzün iliyinə kimi bu tarixi bilirik. Mən İranda olanda babalarımız ermənilərin etdiyi çoxlu cinayətlərdən danışırdı. Ermənilərin Urmiya, Salmas, Xoyda törətdikləri terror hadisələrindən onlara danışdım. Mən inanmırdım ki, belə cinayətlər təkrar ola. Amma mən Xocalı faciəsinin şəkillərini görəndə, anladım ki, babalarımızın dedikləri hələ də davam edir. Orada bir-iki İran ermənisi də var idi. Andranikin etdiklərini onlara xatırlatdım. Onlara fakt olaraq kitab adları dedim ki, gedib oxusunlar.
-ABŞ konqresmenləri ilə hər hansı əlaqəniz varmı?
- Əlbəttə. Onlarla çoxlu danışıqlarım olub. Senator Levin, konqresmen Con Konyeri və digərləri ilə söhbətlərimiz olub. Biz onlara Qarabağla bağlı çoxlu məktublar yazıb göndəririk.
Bir müddət əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb danışdım və ona Qarabağın tarixi ilə bağlı bilmədikləri bir çox məqamı öyrətdim.
-Uorliklə harada görüşdünüz?
- May ayında Vaşinqtonda “Azərbaycan-ABŞ: Gələcəyə baxış” mövzusunda üçüncü forum keçirilirdi. Həmin forumda mən fasilədə Uorlik və bir neçə amerikalı konqresmenlə söhbət etdim. Mən gördüm ki, Uorlik Qarabağ məsələsinin tarixini yaxşı bilmir. Deyirdi ki, Sovet İttifaqı dağılandan sonra Qarabağ məsələsi gündəmə gəlib. Mən ondan soruşdum ki, Qarabağın ondan əvvəlki tarixi haqda məlumatı varmı. Dedi ki, ancaq Sovet İttifaqı dağılandan sonrakı hadisələrlə bağlı məlumatı var. Dedim ki, siz Putindən əcaib bir varlıq yaratmısız və ona görə sizə qorxulu görünür. Bildirdim ki, bizim ata-babalarımız bu əzabları çox görüblər. Ondan Türkmənçay müqaviləsi haqda soruşdum, amma məlumatı olmadığını bildirdi. Mən onlara bu müqavilə haqda danışdım və bildirdim ki, buradakı 15-ci maddə imkan verirdi ki, İran ərazisindəki ermənilər sərbəst şəkildə Rusiya ərazisinə keçə bilsinlər. Bu, etnik təmizləmə siyasəti idi. Bildirdim ki, Qarabağ probleminin toxumunu orada əkdilər. Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsinə başlanıldı.
Azərbaycanda neçə ildir yəhudilər yaşayırlar, amma onlara heç kim indiyə kimi toxunmayıb. O müqavilədə yəhudilərə heç bir işarə yoxdur. Çünki ruslara yəhudilər maraqlı deyildi. Ancaq xristianları istəyirdilər gətirələr.
-Bəs, Uorlik bu dediklərinizə necə reaksiya verdi?
- O dedi ki, bunların heç birini bilmirdi. Dedim ki, ATƏT-in Minsk qrupu 20 ildən çoxdur ki, fəaliyyət göstərir, amma bir iş görə bilməyib. Minsk qrupu gərək aradan gedə. O da bu barədə mənimlə razı olduğunu vurğuladı və etiraf etdi ki, Minsk qrupunun fəaliyyət müddəti bitib. Dedim Qarabağ işğal olunanda heç biriniz etiraz etmədiniz. Amma indi Ukrayna məsələsində hay-küy salırsınız.
Həmçinin ona bildirdim ki, Minsk qrupunda gərək bir dənə müsəlman ölkəsi olaydı. Xatırlatdım ki, Minsk qrupunun fəaliyyətinin nəticəsi yoxdur. Soruşdum bəs, Dağlıq Qarabağ məsələsinin həlli yolu nədir? Dedi yolu odur ki, gərək Minsk qrupu ləğv oluna və NATO gərək bir komitə yarada. Daha sonra həmin komitə gərək gedib Azərbaycanla Ermənistan arasında sülh yarada.
Mən ABŞ-a qayıdandan sonra bu məsələlərlə bağlı konqresmenlərin hamısına məktub göndərəcəm. Çünki buna gərək təzə qan verilə.
Fuad Hüseynzadə

Xəbər 603 dəfə oxundu.