Xərçəngə qarşı şüa terapiyasında yeni metodlar tətbiq olunur
Dünyanın inkişaf etmiş ölkələrində xərçəng xəstəliyinin müalicəsində 70-75 faiz hallarda şüa müalicəsindən istifadə olunur. Bu müalicə metodunun əsas prinsipi ətraf sağlam toxumaları maksimum qorumaqla ionlaşdırıcı şüa enerjisini şiş toxumasına çatdırmaq və nəticədə bədxassəli hüceyrələrin məhvinə nail olmaqdır. Son illərə qədər Azərbaycanda çox yüksək dəqiqliyə malik kompyuterləşmiş müvafiq texnikanın olmaması ucbatından onkoloji xəstələrin ancaq 35-40 faizinə radioterapiya aparılması mümkün idi. Ona görə də xəstələr şüa müalicəsi almaq üçün xarici ölkələrə, ilk növbədə Avropa ölkələrinə üz tuturdular. Bu da hər bir xəstəyə külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlirdi. Qeyd etmək lazımdır ki, şüa müalicəsinin həyata keçirilməsi üçün lazım olan müasir texnika, onların qurulması, kadr hazırlığı (həkim, fizik, mühəndis, texniklər) olduqca yüksək maliyyə vəsaiti tələb edən prosesdir.
Evolyusion xarakter daşıyan inkişaf nəticəsində artıq Milli Onkologiya Mərkəzində şüa terapiyasının tam həcmdə bütün metodlarından - 2D radioterapiya, 3D konformal radioterapiya və braxiterapiyadan (patoloji prosesin birbaşa toxumadaxili və ya boşluqdaxili şüalanması) istifadə olunur. Bu ilin may ayında isə İMRT, sterotaktik radiocərrahiyyə və radioterapiya metodlarının tətbiqinə başlanacaq.
Milli Onkologiya Mərkəzində son illərdə çox geniş yayılan süd vəzisi və prostat vəzi xərçəngində braxiterapiyanın tətbiqi uğurla həyata keçirilir. Süd vəzisi xərçəngində braxiterapiya zamanı süd vəzinə kiçik ölçülü xüsusi plastik borular yerləşdirilərək şiş toxuması və cərrahi əməliyyatdan sonrakı şiş yatağı “daxildən” şüalanır. Bu, müalicənin effektini artıraraq, fəsadları minimuma endirir. Eyni zamanda, əvvəllər 6 həftəlik şüa terapiyası əvəzinə, 4 günlük müalicə aparılır. Bundan əlavə, Azərbaycanda 2013-cü ildən ilk dəfə olaraq, kişilər arasında geniş yayılmış prostat vəzi xərçənginin müalicəsində də braxiterapiya uğurla tətbiq olunmağa başlanılıb. Ən müasir formada kompyuterləşmiş əməliyyat ixtisas həkimlərindən (anestezioloq, cərrah-onkouroloq, radioloq, radiasion onkoloq) və fiziklərdən ibarət komandanın iştirakı ilə həyata keçirilir. Braxiterapiyadan sonra xəstələrin yaşama, həyat keyfiyyəti göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlir və fəsadlar minimuma endirilir.
Bu metodlar inkişaf etmiş ölkələrdə sürətlə kliniki praktikaya tətbiq olunur. Sevindirici haldır ki, Azərbaycan Respublikası bu sahədə dünyada birincilər sırasındadır, MDB ölkələri arasında isə liderdir.

Xəbər 5187 dəfə oxundu.