Gəncədə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihə həyata keçirilib
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihənin ikinci tədbiri Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində keçirilib.
Tədbirdə İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Bildirib ki, gənclər zərərli vərdişlərdən uzaq qalmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər. Dövlətin diqqət və qayğısı nəticəsində gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahəsində ciddi işlər görülür. TUMİB sədri gəncləri öz sağlamığının qeydinə qalmağa və təbii qidalarla qidalanmağa səsləyib.
layihənin eksperti Seymur Verdizadə regionlarda bu cür tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimiz arasında bütün sahələrdə, o cümlədən sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işləri aparılmasına ehtiyac var. "Sağlamılıq hamıdan çox sizin özünüzə lazımdır", - deyən natiq gəncləri idmanla məşğul olmağa və zərərli vərdişlərdən çəkinməyə çağırıb.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Rəşad Əlizadə, TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə və Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva çıxış edərək, gənclərin cəmiyyətin həyatında mühüm rol oynadığını bildiriblər. Natiqlərin çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin şəxsi rifah halının və intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən danışılıb, bu sahədə zəngin qanunvericilik bazasının yaradıldığı qeyd olunub.
Qeyd edək ki, layihənin icrasına Şəmkir şəhərindən başlanılıb. Gəncədən sonra layihə çərçivəsində Yevlax, Bakı, İmişli və Hacıqabulda marifləndirmə xarakterli tədbirlər həyata keçiriləcək.

Xəbər 287 dəfə oxundu.