Naxçıvan Dövlət Universitetində tələbələrin əl işlərindən ibarət sərgi açılıb
Naxçıvan Dövlət Universitetində (NDU) təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əsərlərindən ibarət sərgi təşkil olunub.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, təsviri incəsənət kafedrasının müdiri, Xalq Rəssamı Hüseynqulu Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunan sərgi haqqında ətraflı məlumat verib. Bildirilib ki, burada əvvəlki sərgilərdən fərqli olaraq dekorativ tətbiqi sənət nümunələri üstünlük təşkil edir. Xalq Rəssamı sərginin sona çatmaqda olan 2016-cı ildə kafedranın qazandığı sənət uğurlarını, tələbə-rəssamların yaradıcılıqlarını nümayiş etdirdiyini diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək 2016-cı ilin universitet üçün müxtəlif sahələrdə olduğu kimi, incəsənət sahəsində də uğurlu olduğunu vurğulayıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi-siyasi mahiyyətinin, milli birlik, vətənpərvərlik ideyalarının tərənnümündə təsviri sənət nümunələri bədii-estetik, ideoloji baxımdan özünəməxsus əhəmiyyət daşıyır.

Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Vüsalə Musayeva yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə tələbə yoldaşları adından minnətdarlıq edib.

Sonra sərgiyə baxış olub. Sərgidə dekorativ tətbiqi sənət, rəngkarlıq, qrafika növünə aid əsərlər, mənzərə, plakat janrlarında müxtəlif mövzularda əl işləri nümayiş olunub. Tələbələrdən Vüsalə Musayeva, Gülnar Mahmudova, Aysel Süleymanova, Seymur Məmmədzadə, Fidan İbrahimova və başqalarının vitraj, mozaika və digər növlərə məxsus, Azərbaycan xalqının milli həmrəyliyini, Yeni il simvol və personajlarını müxtəlif üslub və formatda təsvir edən əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sərginin nümayişi bayram günlərində də davam edəcək.

Mahmud

Xəbər 212 dəfə oxundu.