“İnformasiya texnologiyalarının təhsildə səmərəli tətbiqində müəllimin rolu həlledici amildir”
İlahə Fazilova: “Öyrənmə prosesinin maraqlı və cəlbedici olmasında isə İKT-dən istifadənin rolu əvəzsizdir”
Orta və ali məktəblərdə yeni informasiya texnologiyalarının tətbiqində əsas yük müəllimlərin üzərinə düşür. Məhz buna görə də müasir müəllimlərdən xüsusi İKT hazırlığı tələb olunur. Bu mövzuda Təhsildə İnnovativ Texnologiyalar Mərkəzinin Proqram üzrə koordinatoru İlahə Fazilova həmsöhbət olduq. Xatırladaq ki, İlahə Fazilova 1980-ci il martın 7-də Göyçay şəhərində anadan olub. O, 1997-ci ildə Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirərək yüksək balla Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Universiteti 2001-ci ildə bitirsə də müəllimlik fəaliyyətinə 2004-cü ildən başlayıb. İlahə xanım həm Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika, həm də şəhər 1 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi çalışıb. Hazırda Təhsildə İnnovativ Texnologiyalar Mərkəzinin Proqram üzrə koordinatoru kimi çalışır.
-Təhsilin informasiyalaşdırılmasının əsas məqsədi nədir?
-Yeni informasiya texnologiyaları olduqca geniş anlayışdır. Qısaca desək, informasiya texnologiyaları texniki və proqram təminatlarından istifadə etməklə (film, təqdimat, səsyazısı, kompüter, telekommunikasiya vasitələri, internet və s.) informasiya ilə iş bacarıqlarını özündə əks etdirən pedaqoji texnologiyadır. Ümumiyyətlə, təhsilin informasiyalaşdırılmasının əsas məqsədi, nəinki şagird və pedaqoqlar, eyni zamanda cəmiyyətin bütün üzvləri üçün bütün elmi, mədəni, tarixi məlumatlara və tədris materiallarına sərbəst çıxışı təmin etmək, insanlara istənilən mövzuda saysız hesabsız informasiya mənbələri və öyrənmə metodları təklif etməklə onlarda sərbəst və fasiləsiz öyrənmə bacarıqları aşılamaqdır.
-Belə bir vəziyyətdə müəllimin rolu nədən ibarətdir?
-Deməli, müəllimin yeni rolu bilavasitə şagirdin öyrənmə prosesinə nəzarət etmək və onu düzgün istiqamətləndirməkdir. Bu mexanizmi səmərəli şəkildə icra etmək, şagirdlərə müxtəlif informasiya mənbələri və öyrənmə metodları təklif etmək üçün müxtəlif fənn müəllimlərinin özləri İKT-dən istifadə bacarıqlarına malik olmalı və şagirdlərdə də informasiya texnologiyalarından təlim-tədris prosesində istifadə vərdişi yaratmalı, informasiya texnologiyalarını tədris alətinə çevirməlidirlər.
İnformasiya texnologiyalarının təhsildə səmərəli tətbiqində müəllimin rolu həlledici amildir. İKT-dən istifadə edən müəllim daim yeni təlim və informasiya texnologiyalarını öyrənməyə, beynəlxalq təcrübələrdən yararlanmağa həvəsli olur. Dolayısı ilə, belə müəllim fasiləsiz öyrənmə vərdişlərinə yiyələnir ki, bu vərdişləri və öyrənməyə prosesində şəxsi əldə etdiyi təcrübələri şagirdlərə tövsiyə etməyə, onlarda da fasiləsiz öyrənmə bacarıqları formalaşdırmağa maraqlı olur. Təlim-tədris prosesinin mükəmməlliyi birbaşa müəllimin mükəmməllik yolunda atdığı addımlardan, pedaqoji innovasiyalar üzrə təkmilləşməsindən ibarətdir. Jan Piaje (psixoloq və filosof) və Brunerin (psixoloq) fikrincə, alınan məlumatın qavranılma səviyyəsi öyrənmə prosesinin özünün maraqlı və cəlbedici olmasından asılıdır. Şagirdin öyrənmə prosesi – təkcə informasiyanın alınmasından yox, əsasən, alınan informasiyanın həyatda necə istifadə olunması haqqında fikirlər və bu istiqamətdə bacarıqlar formalaşdırılmasından asılıdır. Öyrənmə prosesinin maraqlı və cəlbedici olmasında isə İKT-dən istifadənin rolu əvəzsizdir.
-İKT-dən istifadənin pedaqoji məqsədləri hansılardır?
- İKT-dən istifadə etməklə öyrənən informasiya cəmiyyətinin tələblərinə cavab verir. Bu, öyrənəni sərbəst idrak fəaliyyətinə cəlb edir, eləcə də sağlam rəqabətə hazırlayır. İKT-dən məqsədli surətdə istifadə edən mütəxəssislər hazırlayır. Fənlərarası inteqrasiya imkanları yaradır, fənlərin vəhdət halında əlaqəli şəkildə öyrənilməsini təmin edir. Amerika psixoloqu Harvard Gardnerin “Çoxşaxəli İntellekt nəzəriyyəsi”nə görə, biliklərin öyrənilmə və mənimsənilmə yolları mərhələlərə bölünür. Hal-hazırda Amerika və Kanadanın təhsil sistemi bu sxemin müddəalarını şagirdlərin bilik və bacarıqlara yiyələnməsi və tam bir şəxsiyyət kimi yetişməsi üçün kurikulumun tətbiqinin tərkib hissələrindən biri kimi qəbul edir. Dərs proqramları və planları bu yolla hazırlanır və hər bir şagirdin bilik və bacarığı nəzərə alınaraq tətbiq edilir. Bu işin əsas məsuliyyəti əlbəttə ki, əsasən müəllimin üzərinə düşür. Müəllim təlim prosesi zamanı hər bir şagirdlə fərdi iş aparır, onun fərdi öyrənmə mexanizmini nəzərə alaraq ona müxtəlif öyrənmə vasitələri təqdim edir. Hətta eyni öyrənmə mexanizminə malik şagirdləri müəyyənləşdirərək onlara kiçik və böyük qruplarla da iş təklif edir.
-Bəs müəllimlər nə kimi İKT bacarığına yiyələnməlidirlər?
-Məlumdur ki, şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər. Yəni tədris prosesində İKT-dən səmərəli istifadə üçün müəllimlər İKT kompetensiyalara (səriştəliliyə) malik olmalıdırlar. İlk olaraq İKT kompetensiyalar dedikdə nələrin nəzərdə tutulduğuna diqqət yetirək. Ümumilikdə, kompetensiya - XXI əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin siyahısı olaraq başa düşülür. İKT kompetensiyaları – tədris prosesində və ya tədris prosesindən kənar İKT-dən istifadə etməklə öyrənmənin təşkili üçün qarşıya çıxan texniki və metodiki problemləri peşəkarcasına həll etmə bacarığıdır.
İKT kompetensiyaları xarakterinə görə iki istiqamətdə qruplaşdırmaq olar: İKT üzrə ümumi kompetensiyalar; İKT üzrə peşəkar kompetensiyalar.
İKT üzrə ümumi və peşəkar kompetensiyalar dedikdə isə o başa düşülür ki, müəllimlər fərdi kompüterlərin əsas və əlavə qurğularından iş prosesində istifadə edir. Yəni kompüter proqramından istifadə etməklə hazırladığı mətnə cədvəllər, diaqramlar, şəkillər əlavə edir və əlavə etdiyi cədvəl üzərində müəyyən formatlaşdırma işləri aparır. Həmçinin informasiyaların axtarışında internetdən səmərəli istifadə edir, kompüter proqramlarından istifadə etməklə müxtəlif cədvəllər hazırlayır, hazırladığı cədvəllərə düsturlar, funksiyalar tətbiq edir və daxil etdiyi məlumatın diaqramını çıxarır. Sadə məlumat bazası və müxtəlif elektron sorğular, hesabatlar hazırlayır. Sürətlə dəyişən informasiya cəmiyyətinin tələbinə uyğun olaraq nəzərdə tutulan bu kompetensiyalar təbii ki, zaman keçdikcə daha da təkmilləşə, müəyyən dəyişikliklərə uğraya bilərlər.
-Pedaqoji baxımdan bu dedikləriniz necə tətbiq olunur?
-İKT üzrə kompetensiyaları məzmun və pedaqoji təyinatına görə də iki istiqamətdə qruplaşdırmaq olar: 1.Ümumi pedaqoji təyinatına görə İKT kompetensiyalar - tədris və tərbiyə prosesində informasiya texnologiyalarından ümumi istifadə bacarıqlarını özündə əks etdirir. 2. Fənn üzrə təyinatına görə İKT kompetensiyalar - fənnin xüsusiyyətlərini (fizika, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, xarici dil, tarix və s.) özündə birləşdirərək xüsusi istiqamət üzrə informasiya texnologiyalarından istifadə bacarıqlarını əks etdirir.
-Müəllimlər İKT-ni tədris prosesində hansı istiqamətlərdə tətbiq edirlər?
-Aparılan müşahidələrə əsasən müəllimlər İKT-ni tədris prosesində əsasən aşağıdakı istiqamətlərdə tətbiq edirlər: Tədris prosesində və tədris prosesindən kənar təlim-tərbiyə prosesində; şagirdlərin müstəqil idrak fəaliyyətinin və araşdırma bacarıqlarının formalaşdırılmasında; didaktik materiallar (yaradıcı tətbiqetmə, təqdimatlar, tapşırıqlar) hazırlamaq üçün yardımçı vasitələrdən biri kimi; şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində; məktəbdaxili və məktəbdənkənar icmalarla ünsiyyətin formalaşdırılmasında.
Unutmaq lazım deyil ki, İKT tədris prosesinin maraqlı və cəlbedici olması, öyrətmə və öyrənmənin daha da effektivliyi, peşəkar inkişaf imkanlarının bütün müəllimlər üçün əlçatan olması və innovativ pedaqoji ideyalar vasitəsilə təlim tədris prosesinin səmərəliliyinin artırılması üçün köməkçi bir vasitədir, bu vasitədən məqsədyönlü və ehtiyaca uyğun istifadə hər müəllimin vəzifəsidir.
Fuad Hüseynzadə

Xəbər 307 dəfə oxundu.