Balakən turistlər üçün cəlbedici məkana çevrilir
Azərbaycanın şimal-qərb sərhədində yerləşən Balakən rayonu əsrarəngiz təbiəti, zəngin faunası və qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana çevrilməkdədir. Müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində son illər rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2010-cu ildə Balakənə 7 min 935 nəfər turist gəlmişdisə, 2016-cı ildə bu göstərici 22 min 618 nəfər olub. Gələnlərin 7 min 466 nəfərini xarici turistlər təşkil edib. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayon şöbəsindən bildiriblər ki, rayonda 12 turizm marşrutu və rekresiya zonası müəyyənləşdirilib. Balakəndə əsasən, kənd yaşıl turizmi, ekoturizm, həmçinin dağ, atçılıq və balıqçılıq turizmi inkişaf etməkdədir. Kənd yaşıl turizmini daha da inkişaf etdirmək məqsədi ilə kənd yerlərində turistlərin qala biləcəyi, hər cür şəraiti olan evlər müəyyənləşdirilib və onların siyahısı Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsinə göndərilib. Hazırda rayonda dövlət qeydiyyatına götürülən 29 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin əksəriyyəti turizm marşrutlarına daxil edilib. Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı isə rayona gələn turistlərin ən çox üz tutduqları istirahət məkanlarından biridir. Parkda turistlərin istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar daim turistlərin xidmətindədir.

Xəbər 106 dəfə oxundu.