Təqsirləndirilən şəxslər son söz deyiblər
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib. Vəkil Fəxrəddin Mehdiyev çıxışında müdafiə etdiyi Fuad Qəhrəmanlı, Əli Nuriyev, Abbas Quliyevin və digər təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmadığını iddia edib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməlidir. O, həmçinin müdafiə etdiyi Abbas Quliyevə də bəraət verilməsini tələb edib. Digər vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Taleh Bağırov və Abbas Hüseynov barəsində verilən ittihamı qəbul etmədiklərini deyib, təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib. Cavad Cavadov da təqsirləndirilən Taleh Bağırova və digərlərinə bəraət verilməsini istəyib. Prosesdə fasilə elan olunub. Fasilədən sonra davam etdirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Aqil İsmayılov günahsız olduğunu deyib. Digər təqsirləndirilən Abbas Hüseynov isə özünə ən ağır cəza verilməsini istəyib. İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da günahsız olduqlarını, polisə müqavimət göstərmədiklərini deyiblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Proses yanvarın 16-da davam etdiriləcək. Digər təqsirləndirilənlər həmin prosesdə son söz deyəcəklər.

Xəbər 60 dəfə oxundu.