İtaliya Rusiyaya qarşı qadağalara görə 4 milyard avro itirib
Senator Serdjio Divina: “Rusiyaya tətbiq edilən qadağalar Avropanın daxili maraqlarına ziddir”
“İtaliya Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində 4 milyard avro zərərə məruz qalıb”. Bu fikir "Şimal Liqası" partiyasının nümayəndəsi, italiyalı senator Serdjio Divina tərəfindən səsləndirilib. Qeyd edək ki, Krımda Üçüncü Yalta İqtisadi Forumu öz işinə başlayıb. Forumda 40-dan çox ölkədən 1,5 min nəfər iştirak edir.
Forum iştirakçılarının əksəriyyəti iqtisadçılar, biznesmenlər və investorlardır. Forumun işində ən çox nümayəndə ilə İtaliya təmsil olunur. “Rusiyaya tətbiq edilən qadağalar Avropanın daxili maraqlarına ziddir. Bu, İtaliya kimi ölkələrin cibinə böyük zərbədir. İtaliya Rusiyaya ixracın azalması səbəbindən böyük əziyyət çəkir. Bu bizi 4 milyard avro itki ilə üz-üzə qoyub. Bunun təsiri bu gün də hiss edilməkdədir”- deyə senator Divina forumun mətbuat xidmətinə bildirib. Senator rəsmi Romanın öz gücünü toplayaraq Rusiya ilə bağlı öz mövqeyini yenidən nəzərdən keçirəcəyinə ümidvar olduğunu bildirib: “İndi Krımda Veneto sahibkarlarından ibarət böyük nümayəndə heyəti iştirak edir. Bu fakt, bir daha bizim şirkətlərin qadağa blokadasını qırmaq və Rusiya bazarlarında öz iştiraklarını bərpa etmək arzusunda olduğunu göstərir”.

“İtaliya hökuməti öz siyasətini yenidən nəzərdən keçirməli və Rusiya ilə əvvəlki iqtisadi əməkdaşlığı bərpa etmək istiqamətində addımlar atmalıdır”

Xatırlatmaq yerinə düşər ki, Veneto İtaliyanın təxminən 5 milyondan artıq əhalisi olan 20 bölgəsindən biridir. Bölgənin inzibati mərkəzi regionda ən böyük şəhərlərindən biri olan Venesiyadır. İtaliyanın iqtisadiyyatında önəmli yerlərdən birini tutan bu bölgənin inzibati mərkəzi -Venesiya hər il təxminən 63 milyon turist qəbul edir. Bu isə ölkə üçün gəlir gətirən böyük sahə kimi dəyərləndirilir. Forumda iştirak edən “İrəli İtaliya” partiyasının nümayəndəsi Bartolomeo Amideinin sözlərinə görə Krımın investisiya layihələri, sabiq nazir, hazırda partiya rəhbəri biznesmen Silvio Berluskoniyə təqdim ediləcək: “Mənim fikrimcə ,İtaliya hökuməti öz siyasətini yenidən nəzərdən keçirməli və Rusiya ilə əvvəlki iqtisadi əməkdaşlığı bərpa etmək istiqamətində addımlar atmalıdır”.
Ağasəf Babayev

Xəbər 80 dəfə oxundu.