Naxçıvan Dövlət Universitetində növbəti ustad dərsi təşkil olunub
Naxçıvan Dövlət Universitetində (NDU) Xalq Artisti, “Şöhrət” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun rəhbərliyi ilə növbəti ustad dərsi təşkil olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ustad dərsini aparan Bakı Musiqi Akademiyasının müəllimi, professor Hökümə Əliyeva universitetin musiqi müəllimliyi və simli alətlər ixtisaslarının tələbələrinə skripka alətinin sirri, ifa texnikası və düzgün istifadə qaydaları haqqında məlumat verib. Professor Tofiq Bakıxanov dərslər çərçivəsində 2 nömrəli musiqi məktəbinin bir neçə şagirdinin dərsini izləyib, gənc ifaçılara məsləhət və tövsiyələrini verib, onları musiqinin sirlərinə dərindən yiyələnməyə səsləyib.
Ustad dərsləri bir neçə gün davam edəcək.
Tofiq Bakıxanov Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin birinci kurs tələbələrinin hesabat konsertinə də baxıb. Konsert bəstəkarlıq ixtisasının I kurs tələbəsi Hakim Məmmədovun Xalq Şairi Məmməd Arazın sözlərinə bəstələdiyi “Naxçıvan” mahnısının solo oxuma ixtisasının I kurs tələbəsi Rüstəm İbrahimov tərəfindən ifası ilə başlayıb. Tələbələrdən Sevindik Rzayev və Fuad Kazımlı tarda, Namizət Oruclu qarmonda, Çilər Məmmədova, Səxavət Rəhimov, Aysel Rzayeva və digərləri fortepianoda rəngarəng musiqi nömrələri təqdim ediblər. İncəsənət fakültəsinin müxtəlif ixtisaslarına bu il qəbul olan tələbələrin nağara, fleyta, skripka, saksafon, kontrabas musiqi alətlərindəki solo ifaları alqışlarla qarşılanıb.
Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev və digər görkəmli Azərbaycan bəstəkarlarının, habelə dünya klassiklərinin repertuarlarından seçmələr səsləndirilib. Konsert proqramı “Sarı gəlin” Azərbaycan xalq mahnısının ifası ilə başa çatıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekunda çıxış edərək hesabat konsertinin istedadların seçimi, tələbələrdə ilkin səhnə mədəniyyəti, sənət vərdişləri aşılanması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rektor uğurlu konsert proqramını fakültə rəhbərinin, sənət müəllimlərinin birgə zəhmətinin bəhrəsi kimi yüksək qiymətləndirib.
Mahmud

Xəbər 64 dəfə oxundu.