Binəqədi-Novxanı-Corat yolunun bir hissəsində yenidənqurma işləri başa çatır
Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidənqurulması işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşmaq üzrədir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda uzunluğu 14 kilometr olan avtomobil yolunun 6 kilometrlik Binəqədi-Novxanı hissəsinə asfalt-beton örtüyünün sonuncu qatının döşənməsi işləri aparılır.
Ümumilikdə yolun 170 min kvadratmetr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Ərazinin Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 kilometrlik hissəsində 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 kilometrlik hissəsində hazırda aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılır. Layihəyə uyğun olaraq, yol 12 metrə qədər genişləndirilib və 4 hərəkət zolağından ibarət olacaq.
Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü kilometrində Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub, eləcə də Novxanı qəsəbəsi ərazisində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.
Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Xəbər 77 dəfə oxundu.