“TAP üzrə Albaniyada 120 kilometrədək boru qaynaq edilib”
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisi üzrə Albaniyada 120 kilometrədək boru qaynaq olunub. AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə məlumat verən boru kəmərinin operatoru TAP AG şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib ki, layihə qrafikə uyğun icra edilir:
“İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”.
“Fier rayonunda kompressor, Korça regionunda isə ölçmə və klapan stansiyalarında tikinti işləri planlaşdırıldığı kimi irəliləyir”, - deyə TAP AG-nin kommersiya və xarici əlaqələr üzrə direktoru əlavə edib.
Qeyd edək ki, Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək.
Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

Xəbər 69 dəfə oxundu.