ADNSU tələbələrinin 2 startap layihəsi qrant qazanıb
ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin 2 layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olub. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin General Reporting Platform (GRP) – orta və ali məktəblərdə dərs və imtahanların gedişi ilə bağlı bildiriş sistemi, CamTouch – proyeksiya olunan istənilən səthi ağıllı lövhəyə çevirən qurğu layihələri müvafiq olaraq 11000 və 12000 manat məbləğində qrant mükafatına layiq görülüb.
Qeyd edək ki, ötən ildə ADNSU-nun 3 layihəsi Magic Words, Smart Keyboard, Comfortab layihələri fond tərəfindən müvafiq olaraq 15 000, 12 000 və 10 000 manat həcmində qrant udub.
Sayca V olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim edilib. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb.
Qeyd edək ki, ADNSU-nun nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” Startap və İnnovasiya Mərkəzi 2015-ci ilin sonlarında yaranıb. 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib. İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib. Festivalda 15 startap layihəsi təqdim edilib.

Mahmud

Xəbər 166 dəfə oxundu.