Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov idmançılara Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verib, onları yarışın qaydaları barədə məlumatlandırıblar.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov (35 kiloqram), Rəvan Novruzov (38 kiloqram), Turqay Allahverdiyev (42 kiloqram), Hüseyn Əhmədli (46 kiloqram), Seymur Qasımov (50 kiloqram), Heydər Nəcəfov (54 kiloqram), Abbas Nəzərəliyev (58 kiloqram), Anar Həsənov (63 kiloqram), Rəvan Bayramov (69 kiloqram) və Qoca Əhmədov (76 kiloqram) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


Mahmud

Xəbər 18 dəfə oxundu.