Sofiya Universitetində “Türkologiya” ixtisasının 65 illik yubileyi qeyd olunub 
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin “Türkologiya və altayşünaslıq” kafedrasında “Türkologiya” ixtisasının 65 illik yubileyi çərçivəsində “Türkologiya bu gün – çağırışlar və perspektivlər” mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir universitetin Şərq dilləri və mədəniyyətləri Mərkəzində təşkil olunub.
Konfransın açılışında Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru Anastas Qerdjikov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Qazaxıstanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Temirtay İzbastin, Klassik və yeni filologiya fakültəsinin dekanı professor Madlen Danova, “Türkologiya və altayşünaslıq” kafedrasının dosenti İrina Sarıivanova, Şərq dilləri və mədəniyyətləri Mərkəzinin direktoru Aleksandr Fedotov, Budapeştdə “Qeorq Hazay” Şərqşünaslıq Fondunun direktoru Sesiliya Hazay, Bolqarıstan Tərcüməçilər İttifaqının sədri dosent İvo Panov çıxış ediblər.
Açılışda çıxış edən səfir Nərgiz Qurbanova dünya sivilizasiyasına böyük töhfələr vermiş və dünyanın müxtəlif bölgələrində yaşayan türkdilli xalqların sayının 250 milyondan artıq olduğunu, əsrlər boyu bu xalqların bir-biri ilə sıx əlaqədə olaraq, öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini yaşada bildiyini qeyd edib. Azərbaycanın türk dünyasında hər zaman vacib rola malik olduğunu vurğulayan səfir dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Türkoloji Qurultayın 1926-cı ildə məhz Azərbaycanda, Bakıda keçirildiyi barədə tədbir iştirakçılarına məlumat vermişdir. O, Qurultayın türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə və türkologiya elminə verdiyi töhfədən bəhs edib.
N.Qurbanova dilin hər bir xalqın milli varlığını təsdiq etdiyi kimi, Azərbaycan dilinin də xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdən biri olduğunu vurğulayaraq tarix boyu türk dilləri içərisində seçilən Azərbaycan dilinin özünəməxsusluğundan söz açıb. O qeyd edib ki, XVI əsrdə Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlmiş Azərbaycan dili bundan sonra 1918-ci ildə dünya miqyasında birinci müsəlman dünyəvi demokratik respublika olan və gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət dili elan olunub. O, çıxışında rus şairi M.Y.Lermontovun “Fransız dili ilə Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dili ilə də Asiyanı bütövlükdə gəzib dolaşmaq olar” fikrini xatırladaraq dilimizin gözəlliyindən bəhs edib.
N.Qurbanova Azərbaycanın görkəmli professoru olan Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Türk filologiyası kafedrasının rəhbəri olduğunu, onun Bolqarıstanın türk kəndlərini gəzib zəngin material toplayaraq həmin materiallar əsasında "Türk dialektologiyası" əsərini yazdığını, eyni zamanda "Dilçiliyə giriş" dərsliyini tərtib etdiyini, 1953-1955-ci illərdə isə digər görkəmli dilçimiz Hadi Mirzəzadənin Bolqarıstan hökumətinin dəvəti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya universitetində müasir türk dilindən mühazirələr oxuduğunu söyləyib. O, bildirib ki, M.Şirəliyevin fəaliyyəti bolqar ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Belə ki, bolqar alimi Emil Boyev 1966-cı ildə Ankarada keçirilmiş XI Türk Dili Qurultayında "Bolqarıstanda türk dialektlərinin araşdırılması" mövzusunda məruzə edərkən xüsusi vurğulayıb: "Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasını professor Məmmədağa Şirəliyev qoyub”.
Türkdilli xalqlar arasında əməkdaşlığın genişləndirilməsində TÜRKSOY təşkilatının rolunu xüsusilə qeyd edən səfir türk dünyasının YUNESCO-su hesab edilən TÜRKSOY-un fəaliyyəti barədə məlumat verib. O, keçən ay TÜRKSOY-un Baş katibi prof. Düsen Kaseinovun Bolqarıstana səfər etdiyini və 2019-cu il Avropa Mədəniyyət Paytaxtı olan Plovdivdə təşkil edilmiş “Altaydan Balkanlara qədər türk dünyasının rəsm sərgi”nin açılışında iştirak etdiyini, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olduğunu əlavə edib.
Səfir türk xalqlarının mədəni irsinin təbliğində növbəti mühüm addım kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanı birləşdirən Fondun məqsədi müxtəlif proqramlar, layihələr vasitəsilə türk dünyasının mədəniyyəti və irsinin öyrənilməsi, qorunması və təbliğidir və Fond YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.
Digər natiqlər Sofiya Universitetində “Türkologiya” ixtisasının böyük nüfuza malik olduğunu, əhəmiyyətli uğurlara imza atdığını, təşkil olunan konfransın bunun bariz nümunəsi olduğunu, bu qəbildən olan tədbirlərin mədəniyyətlərarası dialoqa töhfə verdiyini, yeni elmi və tədris fəaliyyətlərini təşviq etdiyini, Bolqarıstanda gənclərin türk dillərini öyrənmək istəyi ölkələr arasında münasibətlərdə müsbət mühit formalaşdırdığını bildirib və bu ixtisasın keçdiyi inkişaf yolundan, Universitetdə “Türkologiya” ixtisasının əsasını qoyan prof. Emil Boyevin fəaliyyətindən, 65 il ərzində “Türkologiya və altayşünaslıq” kafedrasının türkoloji mərkəz kimi Bolqarıstanda şərqşünaslığa verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, hazırda bakalavr proqramında Azərbaycan, Türk və Qazax dilləri tədris olunur və məhz bu amil “Türkologiya” ixtisasını Balkan yarımadasında özünəməxsus edir.
Daha sonra iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Yubiley konfransı müxtəlif ixtisaslar və institutlardan olan alimlər üçün müasir prioritetləri müəyyənləşdirməyə imkan verərək Bolqarıstanda türkşünaslığın müasir şəklinin əsas elementlərini izləməyə şərait yaradır.
Yubiley mərasimi ilə əlaqədar təşkil olunmuş gecədə Azərbaycan milli mətbəxinin ləziz təamları qonaqlara təqdim olunub.

Nigar

Xəbər 56 dəfə oxundu.