“Putin və Ərdoğan arasında müzakirələrin detalları açıqlana bilməz“
“Yüksək səviyyəli görüş zamanı mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz”. “RİA Novosti” agentliyinin xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib. ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandıran Peskov deyib: “Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, təbii ki, onların detalları açıqlana bilməz”. Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rusiya və ABŞ-ı Suriyadan qoşunlarını çıxarmağa çağırıb. Onu da xatırladaq ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putini “Akkuyu” AES-in təməlqoyma mərasiminə dəvət edib. Bu barədə Ərdoğan Soçidə Putinlə görüşündən sonra deyib.“Yaxın həftələrdə “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimini keçirmək niyyətindəyik. Bu mərasimdə cənab Putin ilə birlikdə iştirak etmək istəyirik”, deyə Ərdoğan bildirib. Türkiyə prezidenti müdafiə sənayesində Rusiya Federasiyası ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Ankara Rusiya ilə ticarət əlaqələrində qalan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır. Ərdoğan həmçinin qeyd edib ki, Astanada aparılan danışıqlar, Suriyada de-eskalasiya zonalarının yaradılması ilə bağlı sazişlər bu ölkədə zorakılığın azaldılmasına önəmli töhfə verib.

Xəbər 15 dəfə oxundu.