Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabrda inzibati rəhbər vəzifələr olan AA, AB və AC, 17 dekabrda isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Bu barədə DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında bildirib. O deyib ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”. V. Misirov qeyd edib ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub: “Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 vakant vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 113 vakant vəzifə və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib”. Vəfadar Misirov deyib ki. bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər: “Dövlət qulluqçuları reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxsləri 400 manatdan 700 manatadək cərimə gözləyir”. Dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslərin təyin edildiyini vurğulayan V.Misirov deyib: “Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görür. Həmçinin oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən məsul şəxslər cərimələnəcəklər”. DİM-in icraçı direktoru bildirib ki, mərkəz Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur. V.Misirov deyib: “Ötən müddətdə reyestrdə 30 minədək dövlət qulluqçusu barədə məlumat toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyestrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlarındakı vakant vəzifələr hər an DİM-də online formada görünür. Dövlət orqanları bu reyestri normal qaydada idarə edirlərsə bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir”. Vurğulanıb ki, müəyyən dövlət orqanlarında bu məsələ ilə bağlı ləngimələr var və bu da DİM-in vakant dövlət qulluğu vəzifələrini online izləməsinə mane olur. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı tədbirlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Reyestrdə olan məlumata görə, həmin nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən çox vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq boş yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar.
Nigar

Xəbər 153 dəfə oxundu.