Gürcüstanda Təkəli kənd məktəbi əsaslı təmir olunub
Gürcüstanın Marneuli rayonunun Təkəli kəndindəki tam orta məktəb əsasli təmir olunub. Məktəbin təmirdən sonra açılışı olub. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, TİKA-nın sədr müavini Məhmət Surəyya Ər, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə bildirilib ki, 1971-ci ildə inşa olunmuş bu təhsil ocağı son vaxtlar yararsız hala düşmüşdü. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri, bu məktəbin məzunu Nəcibə Nəsibovanın təşəbbüsü ilə TİKA bu məktəbin təmirinə başlayıb. Məktəbdə müəllimlər otağı, kompüter otağı, 12 sinif otağı var. Hazırda məktəbdə 255 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 32 müəllim məşğul olur. Müəllimlərdən ikisi gürcüdür və onlar şagirdlərə gürcü dilini tədris edirlər. Açılış mərasimində çıxış edənlər Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq əlaqələrindən danışıb, TİKA-nın bu məktəbi təmir etməsini dostluğumuzun bariz nümunəsi kimi qiymətləndiriblər.


Xəbər 13 dəfə oxundu.