Xəbər televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib
Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib. Müsabiqədə Azərbaycan vətəndaşı olmayan şəxslər, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər. Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur. Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə MTRŞ-ya təqdim olunmalıdır. Sənədlər 7 nüsxədə təqdim edilməlidir. İclasda "Dalğa" TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və kanala peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Xəbər 13 dəfə oxundu.