Kənd təsərrüfatının inkişafında yeni mərhələ
“E- kənd təsərrüfatı” ərzaq istehsalını məhsuldar, etibarlı, ekoloji cəhətdən təmiz və fermerlər üçün daha çox qazanclı edəcək

Bu gün dünyada kənd təsərrüfatının inkişafı istiqamətində müxtəlif üsulların tətbiqinə çalışılır. Son vaxtlar bu sahədə daha bir yeniliyin-“E-kənd təsərrüfatı”nın tətbiqi ilə bağlı işlər aparılır. Mobil telefonlar, peyklər, radio, uzaqdan qəbul etmə və internet əlaqəsi insanların həyatında bir çox sahədə inqilaba yol açıb. Bu texnologiyalar kənd təsərrüfatı və ərzaq istehsalında eyni təsir göstərə bilər. Kənd təsərrüfatı və ərzaqla bağlı məlumat və rabitə texnologiyalarının istifadəsinin məşhur olmadığı Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində bu üsulun tətbiqini qarşısına məqsəd qoyan BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi regional “E-kənd təsərrüfatı” forumunun da məqsədi budur. Serbiyada başlayan forumda Albaniya, Bosniya-Herseqovina, Çernoqoriya, Serbiya, Makedoniya Respublikası və Kosovodan olan nümayəndələr məlumat və ünsiyyət texnologiyalarının kənd təsərrüfatına tətbiq olunmasında irəliləyişin necə təmin edilə biləcəyini müzakirə ediblər. İştirakçılar üç gün ərzində FAO, digər beynəlxalq təşkilatlar, daha təcrübəli ölkələr və xüsusi sektor nümayəndələrindən bu mövzu ilə bağlı məlumat alıblar. “E-kənd təsərrüfatı” rəqəmsal texnologiyalar da daxil olmaqla əkinçilik ərazilərində informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək üçün yeni yolların layihələndirilməsini, inkişaf etdirilməsini və tətbiqini nəzərdə tutur. Prioritet istiqamət kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı və heyvandarlıqdır.
FAO-nun Kənd Təsərrüfatı İnnovasiya Sistemləri və İnformasiya üzrə nümayəndəsi Nevena Alexandrova-Stefanova bildirib ki, məqsəd kənd təsərrüfatı və bölgələrin inkişafını gücləndirməkdir. Bu isə dolanışığı kənd təsərrüfatına bağlı insanların ən yaxşı qərarlar qəbul etməyə və mövcud resurslardan davamlı şəkildə istifadə etməyə kömək edəcək.
Rəqəmsal texnologiyalar bu iqtisadi sektora nüfuz edərsə, kənd təsərrüfatı istehsalı daha dəqiq, ekoloji cəhətdən səmərəli və məsuliyyətli ola bilər. Bu, daha az informasiya və əməliyyat xərcləri, təkmilləşdirilmiş xidmətlər, yeni biznes yaradılması və fermerlər, istehsalçılar və istehlakçılar arasında asanlıqla əlaqə yaratmaq deməkdir.
Onun sözlərinə görə, fermerlər informasiya və kommunikasiya texnologiyalarından məhsullarını bazara çıxarmaq, istehsal etmək və satmaqda faydalanacaqlar: “Amma texnologiyanı hər kəsin bərabər səviyyədə mənimsəməsi üçün yeni bacarıqlara cavab verən məsul qurumlara ehtiyacımız var”. FAO ölkələri bir yol xəritəsini də ehtiva edən “E-kənd təsərrüfatı” strategiyasını inkişaf etdirməyi təşviq edir və bu prosesi bir bələdçi vasitəsilə dəstəkləyir. Bunun pilot tətbiqi Asiya və Sakit okean bölgələrində reallaşıb və Albaniyada bir FAO layihəsi çərçivəsində “bir pəncərə” və ya "tək-dayanacaq-nöqtəsi" sistemi inkişaf etdirilib.
FAO-nun İnformasiya şöbəsinin nümayəndəsi Sophie Treinen isə bildirib ki, kənd təsərrüfatında informasiya və kommunikasiya texnologiyalarının istifadə edilməsində yaxşı və gələcək vəd edən tətbiqlər üçün yeni çağırışa başlanılıb.

Nigar Abdullayeva


Xəbər 75 dəfə oxundu.