Bakıda V Regional İnternet İdarəçilik Forumu işə başlayıb
“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində dekabrın 7-də Bakıda V Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Yenilik və tərəqqiyə əsas kimi internet” mövzusuna həsr edilən və “ADA” Universitetində keçirilən forumda universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekan müavini Araz Yusubov RİİF-in Azərbaycanın İKT sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. O bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafın təminində əsas rol oynayır.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə forumun keçirilməsində məqsədin daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirmək olduğunu qeyd edib. Nazir müavini, həmçinin bildirib ki, forum regional İKT-nin inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədəki problemlərin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.
Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir. Tədbirə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi dəstək verir.


Mahmud

Xəbər 23 dəfə oxundu.