Məşhur özbək musiqiçiləri “Azərbaycan, Qarabağ və sülh üçün oxu” layihəsində
Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. Tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihədə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd-yuvalarını tərk etmiş soydaşlarımızın iztirablarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və xalqımızın sülhsevərliyini təbliğ etməkdir.
Vurğulanıb ki, Özbəkistan ictimaiyyətini ölkəmizlə bağlı məlumatlandırmaq, iki ölkə arasında dostluq əlaqələrini, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri təbliğ etmək məqsədilə bir sıra işlər görülür. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı materialların dünyada ölkəmizin təbliği işində dəyərli vasitə olduğunu deyən natiq dost və qardaş ölkədə keçirilən bütün beynəlxalq tədbirlər, festivallar, sərgi və yarmarkalarda bu əyani vəsaitlərin təbliğat işində rolunu yüksək qiymətləndirib. 
Sonra “Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipi nümayiş olunub. 
Klipdə musiqiçilər “Bayatı-Şiraz” muğamını, “Anadır arzulara Qarabağ”, “Ay Laçın” və “Sizə salam gətirmişəm” və “Qarabağ şikəstəsi”ni ifa ediblər. Klip böyük qayıdışı simvolizə edən, aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə bərpa olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin görüntülərini və “Cocuq Mərcanlı – Şuşa” yol işarəsini göstərən xüsusi lövhənin nümayişi ilə başa çatır. 
Layihədə 32 həvəskar özbək musiqiçi iştirak edib. Onların arasında peşəkar və tanınmış ifaçılar, Özbəkistanın Əməkdar artistləri - Yulduz Turdiyeva, İsroil Saidumarov, Dilnoza Akbarova, “Özbək gəncləri”, “Surxan” musiqi qrupları çıxış ediblər. Klipdə, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” milli rəqs ansamblı bir sıra rəqslər ifa ediblər. Mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş olunur. 
Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərində aparılıb.
Tural

Xəbər 34 dəfə oxundu.