Leonardo da Vinçinin əsərinin alıcısı Səudiyyə şahzadəsidir
Leonardo Da Vinçinin Christie`s hərracında 450 milyon dollara satılmış “Dünyanın xilaskarı” rəsminin adı açıqlanmayan alıcısı çox güman ki, Səudiyyə Ərəbistanının şahzadəsi Bader bin Abdullah bin Məhəmməd bin Farhan Əl-Səud olub. Bu barədə məlumatı New York Times qəzeti yayıb.
AZƏRTAC xəbər verir ki, varis şahzadə Məhəmməd bin Salmanın dostu olan 32 yaşlı Bader tullantıların təkrar emalı sahəsində biznesi idarə edir.
Bu arada “Luvr Abu Dabi” incəsənət muzeyi “Twitter” səhifəsində “Dünyanın xilaskarı” rəsmini öz ekspozisiyasında nümayiş etdirəcəyi barədə məlumat yerləşdirib.
Da Vinçinin buna qədər rusiyalı milyarder kolleksiyaçı Dimitri Rıbolovlyevə məxsus əsəri hərraclarda satılan ən bahalı incəsənət nümunəsi olub. Təxminən 1500-cü illərə aid olan şedevr italiyalı rəssamın müasir dövrə qədər gəlib çatan 20-yə yaxın rəsm əsərindən biridir. Əsərin satış tarixi 1958-ci ildən – onun London hərracında 60 ABŞ dollarına satıldığı vaxtdan başlayır. O vaxt “Dünyanın xilaskarı” bu dahi rəssamın deyil, onun davamçılarından birinin yaradıcılığına aid edilirdi. O, 2005-ci ildə yenidən bazara çıxdı və da Vinçinin itmiş rəsm əsəri kimi böyük maraq doğurmağa başladı. 2013-cü ildə Rıbolovlyev onu 127,5 milyon dollara fərdi qaydada satın aldı.
Mahmud

Xəbər 21 dəfə oxundu.