“B.EST Solutions”- “Asan İmza” ilə Azərbaycan Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri olub
Azərbaycan “B.EST Solutions”- “Asan İmza” texnologiyası ilə Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri olub.
“B.EST Solutions” şirkətindən bildirilib ki, Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkilatçılığı, Avropa Komissiyasının dəstəyi ilə keçirilən XIX Beynəlxalq “The Future of Digital Security and Trust - ISSE 2017” konfransı və sərgisi çərçivəsində Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI – Global Alliance for National Mobile Identities) yaradıldığı elan edilib. Qlobal İttifaq mobil elektron identitetlərin milli operatorları və ya mobil imzalardan ibarət olacaq. İttifaqın məqsədi bu sahədə artıq işlənib hazırlanan standartları tətbiq etmək, uyğun həllərin inkişafı və bütün dünyada təchizatçıların seçilməsini genişləndirmək üçün onları bu proseslərə uyğunlaşdırmaqdan ibarətdir.
GANMI-nin yaradılması məsələsi ilk dəfə 2016-cı ildə Parisdə keçirilən 17-ci “ISSE 2016” Beynəlxalq konfransında ikitərəfli görüşlər çərçivəsində müzakirə edilib. Məhz həmin konfransda “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe və EEMA işçi qrupu tərəfindən GANMI-nin təsis edilməsi ilə bağlı təklif irəli sürülüb.
Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) yaradılması və inkişafında hərtərəfli dəstəyi yaradılan GANMI İttifaqının bütün üzv ölkələri - Avstriya, Azərbaycan, Türkiyə, Oman, Moldova, İslandiya, Norveç, İsrail, Estoniya, Belçika, İsveçrə göstərib.
Fəaliyyətinin birinci ilində Qlobal İttifaqın sədri Avstriya, həmsədr isə Azərbaycan olacaq. Bu isə mobil identitet texnologiyasının inkişafında “Asan İmza”nın açar rolunu və onun təkmil gücləndirilmiş elektron imzanın beynəlxalq standartlarına uyğunluğunu bir daha sübut edib.
“Asan İmza”nın bu ittifaqda iştirakı mobil imza texnologiyasını istifadə edən bütün ölkələr, o cümlədən Azərbaycan texnologiyası üçün böyük perspektivlər açır. Buraya “Asan İmza” mobil elektron imzanın milli identifikasiya sisteminin vahid “API GANMI” vasitəsilə rəqəmsal xidmətlərin qlobal təchizatçıları ilə inteqrasiyası da daxildir. Bu, eyni zamanda, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etmək imkanı verir. Əsas məqsəd isə 2030-cu ilə qədər bütün istifadəçiləri elektron şəxsiyyət vəsiqəsi ilə təmin etmək, ölkələr arasında rəqəmsal identikliyin qarşılıqlı tanınması və istifadəsi üçün vahid platforma yaratmaq və Mobil İdentitet vasitəsilə transsərhəd xidmətlərin işlənib hazırlanması sahəsində işləri davam etdirmək məqsədinə nail olmaqdır.
“Biz bu tarixi günə doğru uzun yol getdik. Qarşıda bizi, mobil identitet sahəsində ciddi audentifikasiya və “Know Your Customer - KYC” prinsiplərinə uyğunluğun vacib olduğu vahid standartların yaradılmasından beynəlxalq təşkilatlar və xidmətlərin qlobal təchizatçıları ilə əməkdaşlığın inkişafına qədər daha çətin yol gözləyir. GANMI Qlobal İttifaqının yaradılmasının təşəbbüskarlarından biri kimi Azərbaycanın olması faktı bir daha onu sübut edir ki, Azərbaycanın “Made in Azerbaijan” brendi altında innovasiyaları digər ölkələrdə tətbiq edilməyə və ixrac potensialının artırılmasına hazırdır”, – deyə Yana Krimpe vurğulayıb.
Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının sədri Con Şama qeyd edib ki, mobil qurğular daha çox ya ilkin, ya da törəmə sistemləri istifadə edən milli təhlükəsizliyin təminatı üçün daşıyıcılar kimi qəbul edilir. İdentifikasiyanın törəmə sistemləri müəyyən mənfəətlər təklif edir, lakin onların düzgün şəkildə istifadə edilməsi vacibdir. Standartlar tam deyil və sxemlər arasında əlaqə yoxdur. Bu isə arzu olunmayan risklərlə əlaqədar sərf etmədə qətiyyətsizliyə gətirib çıxarır. GANMI-nin məqsədi qlobal uyğunluğu təmin etmək, təchizatçıların seçimini genişləndirmək və riskləri azaltmaq üçün tətbiq olunan standartları bir-birinə yaxınlaşdırmaqdan ibarətdir.
Tural

Xəbər 22 dəfə oxundu.