Bakıda “İsveçrə və onun təbiəti“ mövzusunda rəsm sərgi
Dekabrın 13-də İçərişəhər, Art Tower mərkəzində "İsveçrə və onun təbiəti" mövzusunda "H.E.Art" rəsm sərgisi layihəsinin təqdimatı olub.
"H.E.Art" layihəsi İsveçrənin Azərbaycandakı səfirliyi və Arts Council Azərbaycan təşkilatı tərəfindən həyata keçirilir.
Arts Council Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, layihədə amerikalı, ingiltərəli və azərbaycanlı rəssamlar birgə iştirak edir: “Bu ekoloji layihədir. Dekabrın 9-dan başlayıb. Rəssamlar işlənmiş neft barelləri üzərində rəsmlər çəkirlər. Sonra həmin çəlləklərin içərisinə ağac əkərək sərgiləyəcəyik və İçərişəhərin yaşıllaşmasına töhfə verəcəyik”.

Tədbirdə iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib ki, bu layihənin əhəmiyyəti azərbaycanlı və isveçrəli rəssamların əməkdaşlıq etməsidir: “Bakı neft paytaxtıdır. Bu, bura gəldiyim iki il ərzində dəstək verdiyim ilk rəsm layihəsidir”.
“BustArt” ləqəbli isveçrəli gənc rəssam Stefan Buserin Bakını çox bəyəndiyini, şəhərin möhtəşəm arxitekturaya malik olduğunu bildirib: “Bakı həm də İsveçrə kimi təmiz yerdir. İnsanlar isə çox səmimi və ailəcanlıdır”.
Qeyd edək ki, "H.E.Art" rəsm sərgisi layihəsi yanvarın 10-dək davam edəcək.

Xəbər 121 dəfə oxundu.