“Rosbalt”: “Ermənistanda antirusiya əhvali-ruhiyyəsi artıb”
Andrey Nikolayev:
“Ermənistanda Rusiya qoşunlarını, o cümlədən sərhədçilərini “işğalçı” adlandırırlar”

Ermənistanda dislokasiya olunan Rusiya sərhədçilərinin yerli hökumət nümayəndələrinə İrəvan-Gorus-Mehri yolunun İran sərhədinə qədər olan 40 metrlik hissəsində təmir-bərpa işləri aparılmasına icazə verməməsi işğalçı ölkədə ciddi rezonans doğurub. Ermənistanda yaranan narazılıq dalğası Rusiya mətbuatının da diqqət mərkəzinə düşüb.
“Rosbalt” bu məsələ ilə bağlı yazır ki, artıq Ermənistanda bir çoxları Rusiya qoşunlarının ölkədən çıxarılmasını çoxdan istədiklərini bəyan etməyə başlayıb: “Ermənistanda Rusiya qoşunlarını, o cümlədən sərhədçilərini “işğalçı” adlandırırlar”. “Rosbalt”da yayılan məqalə müəllifi Andrey Nikolayev haqlı olaraq ermənilərin hay-küyünü anlamadığını qeyd edir: “Axı Ermənistan özü 1992-ci ildə müqavilə imzalayaraq İran və Türkiyə ilə sərhədlərinin qorunmasını Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinə etibar edib. Rusiya sərhədçiləri qaçaqmalçılıq, qanunsuz miqrasiya, transsərhəd cinayətləri və terrorizmə qarşı mübarizə aparır. Rəsmi məlumatlara görə, təkcə ötən il Ermənistanın dövlət sərhədində qanunu pozan 74 şəxs saxlanılıb. Təbii ki, 25 il əvvəl Ermənistan öz sərhədlərini qorumaq vəziyyətində deyildi. Üstəlik Azərbaycanla müharibə şəraitində. Heç indi də bunu etmək iqtidarında deyillər- ölkə çox yoxsuldur və maliyyə ayırmaq iqtidarında deyil. Hərbi və digər sahələrdə olan yoxsul vəziyyətə görə praktiki olaraq bütün strateji obyektlər Rusiya tərəfindən alınıb. İndi isə “ruslara dözmək” lazım gəlir. Ruslar isə, sadəcə, “əylənirlər” və ermənilərə də Araz çayının yaxınlığında, İranla sərhəddə olan yolu təmir etməyə icazə verməyiblər.

“Artıq Ermənistanda bir çoxları “işğalçı” Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir”

“Lragir” yazır ki, situasiya suveren dövlət üçün çox maraqlıdır: “Üçüncü dövlətin sərhəd qoşunları Ermənistana İranla sərhəddə yol təmir etməyə icazə vermir”. “Lragir” Ermənistanda olan rus əsgərləri ilə bağlı baş vermiş insidentləri yada salır. Misal kimi Gümrüdə rus əsgərinin bir ailənin 7 üzvünü güllələməsi göstərilir. Və yaxud Rusiya sərhədçilərinin Ermənistan parlamentinin deputatına sərhəddən çox uzaqda yerləşən ərazidə seçki kampaniyası aparmasına icazə verməməsi yada salınır. Deputata sadəcə olaraq bildiriblər ki, “həmin əraziyə daxil olmaq olmaz”. “Rusiya sərhədçiləri hansı əsasla İranla sərhəddə təmir işi aparmağı bizə qadağan ediblər? Əgər əsas varsa, onda ortaya sual çıxır ki, nəyə görə Ermənistan sərhədçilərlə razılaşdırmadan iş aparmaq istəyib. Əks halda, biz işğal rejim və suverenliyin itirilməsi ilə qarşılaşırıq”- deyə “Lragir” yazıb. Sayt tələb edir ki, Ermənistan hakimiyyəti “rusların gələcəkdə özlərini evdəki kimi hiss etməməsi üçün” Rusiya hərbçilərinin ölkədə olma rejiminə yenidən baxmalı, ümumiyyətlə, Rusiya ilə sərhəd məsələsinə dair müqavilədən çıxmalıdır. Digər Ermənistan KİV-ləri, o cümlədən “Birinci İnformasiya” portalı da məsələni diqqətdə saxlayıb. “Birinci İnformasiya” hüquq müdafiəçisi Artur Sakunçun fikirlərini təqdim edib. Onun sözlərinə görə, yol təmirinin qadağan edilməsi Rusiya sərhədçilərinin səlahiyyətinə daxil deyil, burada söhbət “de-fakto Ermənistanın işğalından” gedir.

Rusiyalı müəllif:
“Ermənilər heç vaxt öz ölkələrinin sahibi olmayıblar”

“Bu, Rusiya hərbçiləri tərəfindən təkcə Ermənistan konstitusiyasının pozulması deyil, eləcə də ölkənin suverenliyinə qəsd edən struktura qarşı hökumətin fəaliyyətsizliyidir. Serj Sərkisyanın simasında hökumət Ermənistanın suverenliyini Rusiya Federasiyasına təslim edib” - deyə Sakunç bildirib. Respublika hakimiyyətinin özünə aciz formada haqq qazandırmaqdan başqa, çıxış yolu qalmayıb. İlk olaraq bildirildi ki, yol təmirinin aparılmasına Rusiya sərhədçiləri icazə vermir. Sonradan “bəlli oldu” ki, bu məsəlinin “ruslara aidiyyəti” yoxdur. Sən demə, sahilyanı aparılan işlər çayın yatağını dəyişir. Ona görə bu məsələ ilə bağlı “İran tərəfindən narazılıq var”. Dövlət Komitəsinin rəhbəri Arsen Arutyunyan bildirib ki, İran tərəfi ilə danışıqlar aparılır və çətin ki, bu il başa çatsın: “Ona görə də müqavilə dayandırıldı ki, inşaatçılar cərimələnməsin. Rusiya sərhədçilərinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur”. “Rosbalt”da rusiyalı müəllif daha sonra yazır: “Rusiya hərbçiləri Ermənistanı tərk edərsə, onları kim müdafiə edəcək? Axı qonşuları - Azərbaycan və Türkiyəyə görə daha çox vəlvələyə düşən ermənilərdir. Bu isə Rusiyanın marağındadır. Bu vəziyyət Rusiyanın Ermənistana hərbi-siyasi-iqtisadi sahədə təsirini artırmaq təminatı verir və bu proeksiya üzrə bütün Cənubi Qafqazda güclənməsini təmin edir”. Sayt yazır ki, son hadisə Avropa İttifaqı ilə çərçivə sazişi imzalayan Ermənistanda antirusiya əhval-ruhiyyəsini artıracaq: “Bu sənəd Ermənistana heç bir təhlükəsizlik təminatı vermir. Rusiya və Qərb faktorunu nəzərə alsaq, görərik ki, həmişə bu siyasi nəhənglərə tərəf baxan ermənilər heç vaxt öz ölkələrinin sahibi olmayıblar. İndi kimin “işğalçı” olmasının nə fərqi var?”
Anar Miriyev

Xəbər 201 dəfə oxundu.