“Azərbaycanda fərqli dinlərə mənsub insanların birlikdə yaşamaq mədəniyyəti təqdirəlayiqdir”
“Azərbaycanda fərqli dinlərə və millətlərə mənsub insanların birlikdə yaşamaq mədəniyyəti təqdirəlayiqdir. Bu ölkədə yüksək səviyyəli tolerant və multikultural mühit mövcuddur”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransında iştirak edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Halit Eren deyib. 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin nümunəvi addım olduğunu vurğulayan Halit Eren deyib ki, dövlət başçısının bu təşəbbüsü mühüm əhəmiyyətə malikdir: “Hazırda buna böyük ehtiyac var. “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanla yanaşı, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və dünyanın digər ölkələrində önəmli tədbirlər keçirilib. Bu uğurlu tədbirlər Bakıda yekun beynəlxalq konfransla tamamlandı. Konfransda İslam həmrəyliyinin önəmi ilə bağlı çox səmərəli müzakirələr aparıldı. Əminik ki, bu konfransın mühüm nəticələri olacaq”. Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri, professor Kamil Günəş isə deyib ki, dünyada sülhün və əmin-amanlığın təmin olunmasına Azərbaycanın verdiyi töhfələr təqdirəlayiqdir: “Konfransda 40-dan çox ölkənin nümayəndəsinin iştirakı ilə dinlər və mədəniyyətlərarası münasibətlərin müzakirə edilməsi olduqca önəmli məsələdir. İslam dünyasında həmrəyliyin təbliğində Azərbaycanın rolu təqdirəlayiqdir”.

Xəbər 112 dəfə oxundu.