İpi xaricilərin əlində olanlar...
Bu günlərdə Türkiyə prezidenti Ərdoğanın maraqlı bir açıqlaması yayıldı. Bu açıqlamada xaricdəki güclərin Türkiyədə siyasi qüvvələri ələ almaq istəməsi ilə bağlı fikirlər var idi: “Prezident seçkiləri ilə bağlı Dövlət Baxçalının yerli və milli duruşunu vurğulamaq istəyirəm. İnanıram ki, bu duruşla bizi bölmək, parçalamaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək. Mən Dövlət Baxçalının indidən 2019-cu ildə keçiriləcək prezident seçkilərində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. 2019-cu il prezident seçkilərində mübarizənin yerli və milli olanlarla, ipi xaricdə olanlar arasında gedəcəyi bəllidir. Bizim yerimiz həmişəki kimi millətimizin yanıdır”.
Bu mövzu diqqətimi cəlb etdiyi üçün ipi xaricdə olanlarla bağlı yazmaq istədim. Maraqlıdır ki, belə problem bu gün təkcə Türkiyədə deyil, elə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da yaşanır. Bu gün ortaya aydın bir siyasi konsepsiya qoya bilməyənlər hakimiyyət iddiasından əl çəkmirlər, xalqın onlara dəstək vermədiyini gördükdə isə ölkədən kənarda özlərinə maliyyə mənbələri axtararaq, “siyasi bazarlıq”lara gedirlər. Bu isə o deməkdir ki, bizdə də ipi xaricdə olan müxalifət liderləri kifayət qədərdir və ən azından onlar Türkiyədəki qədər təhlükəli şəxslər sayılırlar.
Ümumiyyətlə, uzun illərdir ki, Azərbaycan müxalifətində təmsil olunan rəhbər şəxslər öz gəlirlərini nəinki gizlədirlər, partiya fəaliyyətlərini hansı maliyyələr hesabına qurmaları ilə bağlı açıqlamalar da vermirlər. Ən maraqlısı isə budur ki, seçkidən- seçkiyə fəallaşan müxalifət liderləri dəfələrlə bir-birini hansısa xarici mənbələrdən asılılıqda ittiham ediblər. Qısa bir xatırlatma edim ki, bir neçə il əvvəl Müsavat başqanı olmuş İsa Qəmbər qalmaqallı açıqlama vermişdi ki, müxalifət xaricdən maliyyələşir. Heç şübhəsiz ki, bununla İsa Qəmbər müxalif düşərgədə yola getmədiyi və əsas rəqibi sayılan Əli Kərimlini nəzərdə tutmuşdu. Müsavat rəhbərinin müxalif partiyaların xaricdən maliyyələşməsi ilə bağlı mətbuatda geniş rezonans doğuran fikirlərinə Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da münasibət bildirmişdi və ALP sədri Müsavat başqanının fikirlərinin doğru olduğunu demişdi. Buradan belə bir mənzərə yaranır ki, bir çox müxalif liderlər aldıqları maliyyələrə görə Azərbaycanı sevməyən xarici siyasi qüvvələrin, institutların və ya ölkələrin daim təsiri altında olurlar, onlar bu gün də xaricdən gələn istənilən sifarişi yerinə yetirməyə hazır vəziyyətdədirlər. Necə deyərlər, Azərbaycanda da müxalifətin ipi xaricin əlindədir... Əslində, bununla bağlı zaman-zaman kifayət qədər məqalələr də yazmışıq, müxalifət funksionerlərinin tez-tez bəzi Qərb ölkələrinin səfirliklərində müəmmalı şəkildə peyda olmalarını, qrantlar almalarını, özləri üçün qaranlıq mənbələrdən əldə olunan gəlirlərlə sürücü, mühafizəçilər, bağlar, villalar əldə etmələrini açıb cəmiyyətə göstərmişik. Digər məqam isə indiyə qədər müxtəlif siyasi birliklər, ittifaqlar qurub, sonda dava-şavayla o birliklərdən ayrılan müxalifət liderlərinin, əslində, burada ədalətli şəkildə bölə bilmədikləri maliyyə qalmaqallarına görə ayrıldıqları da sirr deyil.
Radikal müxalifətin ən son fəaliyyətinə nəzər saldıqda “milli şura” adlı qondarma bir birliyin ötən il aktivlik göstərməyə çalışmasını qeyd edə bilərik. Bir neçə uğursuz mitinq keçirən radikal müxalifətçilər meydanlara istədikləri qədər adam toplaya bilmədiklərini görüb, bəzi şəxsləri pul ilə mitinqə gəlməyə şirnikləndirirdilər. Məqsəd isə bir idi- xalqa yox, məhz öz “ağalarına”, xaricdəki havadarları, maliyyə mənbələrinə göstərsinlər ki, guya onları kifayət qədər elektorat dəstəkləyir, meydanları boş qalmır. Sual yaranır- bu mitinqlərdə təşkilati işlərə ayrılan vəsaitlər, mitinqlərə gələn adamlara verilən pullar haradan peyda olurdu? Əlbəttə ki, qrant almaqdan əlləri üzülən müxalifət liderlərinin yeni yollarla xaricdən əldə etdikləri mənbələrdən. Məsələn, Əli Kərimlinin müavini Gözəl Bayramlının sərhədi keçərkən üzərində xeyli qanunsuz vəsaitin olması buna misal ola bilər. Hər sərhədi keçəndə kifayət qədər pul ilə ölkəyə gələn müxalifət funksionerlərinin variantları bununla da bitmir. Qısası, bu gün özünü demokratiya carçısı və s. kimi göstərməyə çalışan müxalifət liderləri əslində fəaliyyətləri ilə özlərini ifşa edirlər. Onların xalqın deyil, xarici qüvvələrin maraqlarına xidmət etdikləri məlum olur. Xarici qüvvələrin və bəzi siyasi institutların-Soros Fondu və b. Əli Kərimlinin əli ilə ölkəmizdə təşkil etdikləri uğursuz mitinqlər həm də bir siyasi eksperiment idi. Mitinqlərin keçirildiyi stadionu isə siyasi araşdırma məkanına çevirmişdilər. Belə məlum olur ki, kütlənin, xalqın hakimiyyətin yanında olduğunu görən xarici qüvvələr bir daha “milli şuraya” güclü maliyyə ayırmaqdan imtina etdilər deyə, mitinqlərin də arası kəsildi.
Bu gün də xalq öz qonşusundan-Türkiyədən nümunə götürüb, xaricdən maliyyələşən müxalifətə etibar etməməlidir. Onsuz da xalq kimin kim olduğunu gözəl bilir. Uzun illər Qərbdən yedikləri çörəyə təpik atmamağa çalışan radikal müxalifət liderlərinin Qərbin sevmədiyi islamçı qüvvələrə də dəstək verməyə başlaması, Nardaranda ağır cinayətlər törədən yalançı dindarların belə, müdafiəsinə qalxması onların istənilən sifarişləri yerinə yetirməyə hazır olmalarından xəbər verir. Hətta əgər bu sifarişlər dövlətçilik, millətçilik və xalqın birbaşa mənafeyinə zidd olsa belə, onu yerinə yetirirlər.
Sonda onu qeyd edək ki, ölkədə hər zaman alternativ fikrə yer olub, müxalifət üçün şərait yaradılıb, mitinqlərinin keçirilməsi üçün meydan da verilib. Amma onların bu münbit şəraitdən istifadə edib xarici qüvvələr üçün çalışması bağışlanılası hal deyil. Həm də öz iplərini öz əlləri ilə xarici qüvvələrə təhvil verənləri heç cür bağışlamaq olmaz...

Xəbər 60 dəfə oxundu.