“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”
“Dağlıq Qarabağ münaqişəsini dinc yolla, diplomatik vasitələrlə həll etmək üçün hazırda çox böyük səy göstərilir”

Ermənistanın işğalçılıq siyasəti artıq region üçün də təhlükə mənbəyinə çevrilib. Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməklə bu bölgədə müharibə şəraiti yaradıb. Ayrıca bu gün Ermənistan tərəfindən Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyətlər həyata keçirilir. Məhz buna görə də Dağlıq Qarabağ təhlükəli əraziyə çevrilib. Görünür, bunun üçün ABŞ Dövlət Departamenti də vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb. Bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir.
Tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: “Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.
Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb. Təəssüf ki, Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.

“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi ilə əlaqədar AZƏRTAC-a açıqlama verib: “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.
Hikmət Hacıyev deyib: “Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır.
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

“Fransa tərəfi qondarma rejimin təmsilçilərinin Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir”

Hikmət Hacıyev qondarma rejimlə əlaqədar Fransada keçirilən tədbirlərlə də bağlı fikir bildirib. XİN rəsmisi deyib ki, 2 iyul 2015-ci ildə Fransa hökuməti tərəfindən xarici və daxili işlər nazirlikləri səviyyəsində yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərilib: “Həmin təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir və mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur”.
H.Hacıyev qeyd edib: “Göründüyü kimi, Fransanın hansısa qəsəbə və ya şəhərciyinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə əlaqə qurması özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Təcrübə göstərir ki, bu kimi qəsəbə və şəhərciklərin rəhbərləri ərazidə yaşayan erməni icmasının yerli seçkilərdə dəstəyini qazanmaq üçün bu kimi özfəaliyyətlə məşğul olurlar. Hətta bu məqsədlə mənəvi-etik çərçivələri belə, aşaraq qondarma rejimin işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsi olmasına belə, göz yummağa çalışırlar. Erməni lobbi təşkilatları regionda davamlı sülhün əldə edilməsinə və münaqişənin Fransanın da həmsədr olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həllinə töhfə vermək əvəzinə, bu yolla erməni diaspora nümayəndələrini aldatmaq və onların vəsaitlərini mənimsəməklə məşğuldur. Hesab edirik ki, Fransa tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin Şenqen viza qaydalarını pozaraq Ermənistanın diplomatik pasportları ilə Fransa ərazisinə daxil olmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidir”.

“Dağlıq Qarabağ münaqişəsi artıq neçə-neçə dinc sakinin həyatı bahasına başa gəlib”
Yeri gəlmişkən, Moskvadakı “Çitayqorod” kitab mağazalarında satılan “Stranımira” (“Dünya ölkələri”) adlı ensiklopediyada da qondarma “DQR” barədə məlumat var. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri DmitriSavelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu məlumatı şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsini dinc yolla, diplomatik vasitələrlə həll etmək üçün hazırda çox böyük səy göstərilir. Ali səviyyədə danışıqlar aparılır. Şübhəsiz, bu çox kəskin məsələdir. Bu münaqişə artıq neçə-neçə dinc sakinin - sadəcə, yaşamaq, uşaqlarını böyütmək, dinc əməklə məşğul olmaq istəyən vətəndaşların həyatı bahasına başa gəlib. Ona görə də gərginliyin eskalasiyasına təhrik edən, danışıqlar prosesini mürəkkəbləşdirən hər hansı hərəkətlərin qarşısı, əlbəttə, qətiyyətlə alınmalıdır”.
Rusiyalı deputatın vurğuladığı kimi, başa düşmək lazımdır ki, bu gün dünyamızda neqativ geosiyasi proseslər onsuz da çoxdur. Ona görə də bizim kövrək dünyamızı qoruyub saxlamaq üçün məhz bu gün öz məsuliyyətimizi və münaqişənin dinc yolla tənzimlənməsinə maksimal dərəcədə kömək etməyin zəruriliyini dərk etməyə həmişəkindən daha çox ehtiyac var. D.Savelyev deyib: “Xüsusən, soraq kitabı kimi istifadə edilə biləcək nəşrlərdə təhrif olunmuş məlumatların yayılmasına yol verilməməlidir. Axı bu, məsuliyyətdir, o cümlədən bizim övladlarımız qarşısında, gələcəyimiz qarşısında məsuliyyətdir. Belə məlumatların təqdim edilməsində korrektliyi gözləmək, xüsusilə vacibdir”.
Fuad Hüseynzadə

Xəbər 162 dəfə oxundu.