Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT sədrinə müraciət olunub
“Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur”

Xəbər verildiyi kimi, Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya xarici işlər naziri Angelino Alfano ənənəvi olaraq, ATƏT Daimi Şurasında çıxış edib. O, 2018-ci il İtaliyanın sədrliyi dövründə ölkəsinin proqram və prioritetlərini açıqlayıb. “İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək. Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək". O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. Azərbaycan nümayəndə heyətinin Angelino Alfanonun çıxışına cavab bəyanatında bildirilib ki, Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir. Bəyanatda qeyd olunub ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmək istəyini yüksək qiymətləndirir. “Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin fəal və konstruktiv iştirakına ümid edə bilər”, - deyə bəyanatda qeyd edilib.
Nümayəndə heyəti, həmçinin bəyanatda bildirib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir. Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək mümkündür. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur.
Bəyanatda hərbi-siyasi məsələlər üzrə dialoqun təşviqi ilə İtaliya sədrliyinin niyyəti yüksək qiymətləndirilib. Qeyd edilib ki, bu məqsədlə Hamburq bəyannaməsində müəyyən edilmiş mandata uyğun olaraq strukturlaşdırılmış dialoqun davam etdirilməsi lazımdır: “Bu kontekstdə İtaliya sədrliyini 2018-ci ildə strukturlaşdırılmış dialoq prosesinin hazırlanmasında mövcud münaqişələrdən irəli gələn risklər və çağırışların müvafiq şəkildə nəzərə alınmasını təmin etməyə çağırırıq.“
Daha sonra bəyanatda qeyd edilib ki, Azərbaycan tərəfi Azərbaycan hökumətinin prioritetləri arasında olan insan kapitalının inkişafı, yaxşı idarəetmə və rəqəmsal iqtisadiyyatın inkişafı kimi mövzulara diqqət yetirdiyi üçün İtaliya sədrliyinin niyyətini alqışlayır.
Bəyanatda vurğulanıb ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrı-seçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir. Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi, Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır.

“İtaliya sədrliyinin ATƏT-in regional münaqişələrin nizamlanması üzrə səyləri davam etdirmək niyyətini tam dəstəkləyirik”
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç iclasda bildirib ki, İtaliya sədrliyinin ATƏT-in regional münaqişələrin nizamlanması üzrə səyləri davam etdirmək niyyətini tam dəstəkləyirlər:“İlk növbədə bu, Ukraynanın şərqindəki böhrana aiddir. Böhranın danışıqlar yolu ilə nizamlanmasında İtaliya sədrliyinin konstruktiv rol oynayacağına ümid edirik. Münaqişə tərəfləri – Kiyev, Donetsk və Luqansk arasında birbaşa danışıqların əsas formatı olan Təmas Qrupunun hərtərəfli dəstəyi gərəkdir. Minskdə əldə olunan və BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi “Tədbirlər kompleksi”nin tam icrası Donbasda sülhün bərpa olunmasının əsas açarı olaraq qalmaqdadır. Atəşkəs, silahların təmas xəttindən geri çəkilməsi, siyasi paketin tam icrası - Donbasa xüsusi statusun verilməsi, Konstitusiya islahatının aparılması, amnistiyanın elan edilməsi və yerli seçkilərin keçirilməsi təmin edilməlidir. Bundan başqa, sədrlik ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının obyektiv və qərəzsiz fəaliyyətini təmin etməlidir.
Səylər, həmçinin digər münaqişə zonalarında da zəifləməməlidir. Biz Kosovo probleminin BMT TŞ-nin 1244 qətnaməsi əsasında həllində maraqlıyıq. Həmçinin Dnestryanı və Dağlıq Qarabağ nizamlanması prosesində də İtaliya sədrliyinin səylərini dəstəkləyəcəyik. Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə diskussiyaları çərçivəsində Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında dialoqun dəstəklənməsində ATƏT-in rolunu yüksək qiymətləndiririk”.

“Biz 2017-ci ildə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün ümidverici işarələrini nəzərə almalıyıq”

ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Harri Kamian da ATƏT sədri Angelino Alfanonun Daimi Şuradakı müraciəti ilə bağlı fikir bildirib:“Biz sizi Minsk qrupunun sülh yolu ilə və davamlı həlli tapmaq istiqamətindəki səylərinə dəstək olması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nümayəndəniz və onun missiyasına tam dəstək göstərməyə çağırırıq”.
“Biz 2017-ci ildə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün ümidverici işarələrini nəzərə almalıyıq”, - deyə ABŞ rəsmisi bildirib.

“Bu il Ermənistan prezidenti Serj Sarkisyan partiyasına saxta yolla qələbə qazandırıb kürsüsünü dəyişəcək”


Politoloq Elxan Şahinoğlu “Azadinform”a İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı açıqlama verib. E. Şahinoğlu deyib ki, 25 il ərzində ATƏT-ə çox dövlət sədrlik edib.
O vurğulayıb ki, hətta Azərbaycana çox yaxın dövlətlər, Qazaxıstan da bu təşkilata sədrlik edib: “Çox təəssüf ki, ATƏT-də sədrlik simvolik xarakter daşıyır və sədr istəsə, belə münaqişənin həllində ortaya fəallıq qoya bilmir”.
Politoloqun fikrincə, əsas söz sahibi bölgədə marağı olan böyük dövlətlərdir və onların istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz.
E. Şahinoğlu əlavə edib ki, bu il Ermənistan prezidenti Serj Sarkisyan partiyasına saxta yolla qələbə qazandırıb kürsüsünü dəyişəcək, yəni Sarkisyan baş nazir ola bilər: “Baş nazir kimi onun prezidentdən yüksək statusu olacaq. Sarkisyan bu yolla ölkəni idarə etməyə çalışacaq”.
“Sarkisyanın prezidentlik müddəti başa çatana qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlər səviyyəsində görüş baş tuta bilərmi” sualına cavabda politoloq deyib: “Prezidentlər səviyyəsində görüşün olacağına inanmıram. Bu il seçki ilidir”.
Yeri gəlmişkən, iclasda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.
Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
Fuad Hüseynzadə

Xəbər 28 dəfə oxundu.