Əcnəbilərə Azərbaycan rəqslərini öyrədən rəqqas
Nicat Mirzəyev:
“Milli geyimlərimizin çoxu çatmır və bu da işimizə çətinlik yaradır”
Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblı Azərbaycan mədəniyyətini bu ölkədə aktiv şəkildə təbliğ edir. Hər iki quruma, eləcə də Gənclər Dünyası İctimai Birliyinə Nicat Mirzəyev rəhbərlik edir. Gənc həmvətənimiz 2018-ci ildə görüləcək işlərlə bağlı qəzetimizə müsahibə verib.
-Ansamblınızda hansı xalqların nümayəndələri var?
-Ansamblımızda Azərbaycan, Ukrayna, rus, ləzgi, gürcü, osetiya və b. xalqların nümayəndəsi var. Sevindirici haldır ki, bu insanlar bir-birlərinin rəqslərinə çox sayğı və sevgi göstərirlər.
-Siz Ukrayna və digər xalqların rəqqaslarına bizim hansı milli rəqsləri öyrədirsiniz?
-Əlbəttə ki, “Yallı”, “Şalaxo”, “Uzundərə”, “Sarı gəlin”, “Nazeləmə”, “Nəlbəki”, “Ləzgihəngi”, “İgidlər”, “Qaytağı” və s. rəqsləri öyrədirik.
-Ümumiyyətlə, əcnəbilərin bizim musiqilərə marağı necədir?
-Kim tanış olubsa, çox sevir. Məsələn, SSRİ dövründə yaşayan insanların çoxu Azərbaycan milli musiqisi deyən kimi, onların dilinə o an Müslüm Maqomayev, Polad Bülbüloğlunun adları gəlir.
Yeni nəsli isə biz tanış edən zaman çox bəyənirlər. Ən əsas da tar, kaman və balabanla ifa olunan musiqilərimizi çox sevirlər.
-Onlara rəqsi, əsasən, kimlər tədris edir?
-Uşaq qruplarımıza dərsləri özüm keçirəm. Böyük qruplara Azərbaycanda xoreoqrafiyanı bitirmiş rəqqaslarımız keçir. Onları Kiyevə işləməyə mən dəvət etmişəm.
Kiçik yaşlı qızlara və qadınlara isə dərsi Elena Viktorona keçir. O da Ukraynada
xoreoqrafiyanı bitirib və hər zaman Azərbaycan rəqslərinə maraq göstərir.
Video dərslərə və Azərbaycan Dövlət Rəqs ansamblının çıxışlarına baxaraq oradan çox məlumat öyrənib.
-Bu qədər rəqqasın geyim tələbatını necə qarşılayırsınız?
-Çox böyük çətinliklə. Birlikdə pul toplayaraq bu milli geyimləri sifariş veririk. Və 10 ilə yaxındır ki, belə davam edir. Hələ də milli geyimlərimizin çoxu çatmır və bu da işimizə çox çətinlik yaradır.
Əlbəttə, bizə də çox xoş olardı ki, Mədəniyyət və Turizm Nazirliyi, Səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu problemi həll etmək üçün maddi dəstək edilsin.
-Siz Ukraynada həm də Gənclər Dünyası İctimai Birliyinin sədrisiz. Gənclərin ictimai aktivliyi baxımından hansı tədbirlər keçirirsiniz?
-Kimsəsizlər və Qocalar evində xeyriyyə tədbirləri, eləcə də idman yarışları, forumlar keçiririk. Həmçinin Ukraynada hərbçilərə mənəvi və maddi dəstək oluruq. Azərbaycan və Ukrayna milli bayramlarına aid mərasimlər də təşkil edirik.
-2018-ci ildə hansı ölkələrə qastrol səfəriniz var?
-Azərbaycana səfərimiz olacaq. Əlbəttə ki, istəyirəm öz məktəbimizdəki tələbələri və ansamblımızdakı rəqqasları Azərbaycandakı ansambllarla yaxından tanış edim. Onlara Azərbaycan haqqında çox danışmışam. Çox səbirsizliklə Azərbayacana getməyi gözləyirlər.
Bu il Avropa ölkələrinə, o cümlədən Gürcüstana da qastrol səfərimiz olacaq.
Fuad Hüseynzadə

Xəbər 484 dəfə oxundu.