“Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmaq istəyirik“
“Azərbaycan hər bir regional məsələdə Türkiyənin yanındadır və iki qardaş ölkə arasındakı bu əməkdaşlıq unikaldır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim “Daily Sabah” nəşrinə müsahibəsində deyib.
Dünyada belə bir sıx əməkdaşlıq nümunəsi olmadığını deyən səfir X. İbrahim bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində də həmişə Azərbaycana dəstək verir və bu məsələ ilə bağlı aydın bir mövqeyə malikdir.
Onun sözlərinə görə, Türkiyə bu münaqişənin BMT qətnamələrinə əsasən ədalətli həllini dəstəkləyir: “Türkiyə bu siyasətini hər yerdə fəal şəkildə həyata keçirir. Türkiyə məsul beynəlxalq oyunçu kimi böyük rol oynayır”.
Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın mövcud potensialı tam əks etdirmədiyini vurğulayan səfir deyib ki, Azərbaycandan Türkiyəyə gedənlərin sayı çox olsa da, Türkiyədən Azərbaycana gələnlərin sayı azdır: “Biz Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi və Azərbaycan musiqisi, mədəniyyəti və tarixindən zövq almaları üçün çox şeylər etməliyik”.
Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı ticarət dövriyyəsi gözləntilərə cavab vermir: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollardır. Əsas hədəfimiz tez bir zamanda bu rəqəmin 5 milyard dollara çatdırılmasını təmin etməkdir”.

Xəbər 110 dəfə oxundu.