“2018-ci ildə iki qardaş ölkənin birgə səyləri daha böyük nəticələr verəcək”
Türkiyənin Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) saytında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin “Azərbaycan-Türkiyə münasibətləri: yeni zirvənin hədəflərinin başlanğıcı” sərlövhəli analitik məqaləsi yayılıb.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ayrı-ayrı istiqamətlərinə nəzər salan müəllif qarşıdakı hədəflər və böyük perspektivlər barədə türkdilli oxuculara geniş məlumat verir. Ötən il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələrini təhlil edən baş konsul əminliklə qeyd edir ki, 2018-ci ildə iki qardaş ölkənin birgə səyləri daha böyük nəticələr verəcək.
Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyevin Türkiyənin ötən il İstanbulda təşkil etdiyi “D-8” təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını tarixi hadisə kimi dəyərləndirən müəllif yazır ki, Türkiyənin ev sahibliyi etdiyi mötəbər tədbirlərdə Azərbaycanın yüksək ehtiramla iştirakı ənənə halını alıb.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında, eləcə də dövlətimizin başçısının Azərbaycanın və Türkiyənin birgə həyata keçirdikləri tədbirlərdə söylədiyi nitqlərdə qaldırılan məsələlərə, həmçinin Bakı-Tbilisi Qars dəmir yolunun istifadəyə verilməsinə dair məqamlara, eləcə də beynəlxalq iqtisadi və maliyyə qurumlarının ölkəmizin sosial-iqtisadi yüksəlişi ilə bağlı hesabatlarına toxunulur.
Tural

Xəbər 83 dəfə oxundu.