Xaçmazda quşçuluq kompleksi tikilir
Xaçmazda illik quş əti istehsalı 6 min ton olan quşçuluq kompleksinin tikintisinə başlanılıb. Müəssisə yem fabriki, broyler və kəsim sexlərindən ibarət olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çarxı kəndində inşa olunan quşçuluq kompleksində yüksəkkeyfiyyətli, ixrac potensiallı quş əti və quş əti məhsulları istehsal ediləcək. 250 nəfərin işlə təmin ediləcəyi müəssisədə quş əti ilə yanaşı, ildə 10 min ton yem də istehsal olunacaq.
“Aztoyuq” MMC-nin baş direktoru Elçin Qafarov bildirib ki, layihənin ümumi dəyəri 14 milyon manatdır. Kompleksdə hər birində 40 min baş quşun saxlanacağı 20 broyler sexi fəaliyyət göstərəcək. Burada tikiləcək kəsim sexlərinin gücü saatda 2 min 500 baş quşun kəsiminə imkan verəcək.
Kompleksin tikintisinə altı ay öncə başlanılıb. Tikinti işlərinə yerli və xarici mütəxəssislər cəlb olunub. Müəssisənin ümumi ərazisi 50 hektardır. Bu ərazinin 10 hektarında broyler və kəsim sexləri, yem fabriki inşa olunacaq. 35 hektar sahədə isə fındıq bağları salınacaq. Digər 5 hektarda yaşıllıq və istirahət zonası yaradılacaq.
“Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ərzaq təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bu sahəyə xüsusi diqqət göstərilməsini tövsiyə edib. Biz də bu tövsiyələrə uyğun olaraq, ölkədə sahibkarlara yaradılan şəraitdən faydalanmaqla belə bir quşçuluq kompleksinin tikintisinə başlamışıq”, - deyə Elçin Qafarov bildirib.
Quşçuluq kompleksinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulub.


Mahmud

Xəbər 149 dəfə oxundu.